Accessibility links

Azərbaycanda Moskva bəyannaməsinə etiraz edirlər


Qarabağ üzrə Koordinasiya Şurası Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin noyabrın 2-də Moskvada Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə imzaladıqları bəyannamə ilə bağlı mətbuat konfransı keçirib.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Moskva bəyannaməsi Azərbaycanın maraqlarına ziddir. “Bu prosesə Rusiya rəhbərlik edir. Belə ki, Rusiya bu münaqişəni yaradıb və münaqişədən maraqlarının təmin edilməsi üçün istifadə edir. Rusiyanın əsas məqsədi münaqişədən istifadə edərək regiona qoşunlarını yeritməkdir”.
Deputat Pənah Hüseynin fikrincə, Moskva bəyannaməsi Azərbaycan ictimaiyyətində narahatlıq yaradıb. “Münaqişənin nizamlanması prosesində beynəlxalq hüququn tələblərinə uyğun addımlar atılmazsa, ictimaiyyətin narahatlığı daha da artacaq. Belə ki, bəyannaməni Minsk Qrupunun həmsədri olan dövlətlərdən yalnız Rusiyanın imzalaması da Azərbaycanın maraqlarına uyğun deyil. Münaqişənin nizamlanması prosesi bundan əvvəl olduğu kimi, beynəlxalq formatda davam etdirilməlidir”.
Deputat həmçinin Azərbaycan prezidentinin son zamanlar münaqişənin nizamlanması ilə bağlı ictimaiyyət tərəfindən dəstəklənən bəyanatlarından geri çəkilməsinin də ciddi narahatlıq doğurduğunu deyib. “Dövlət başçısı son zamanlar əvvəlki bəyanatlarından yalnız “ərazi bütövlüyü” sözünü işlədir. Moskva bəyannaməsində isə ərazi bütövlüyü sözü də işlədilmir. Madrid prinsiplərindən bəhs edilir və bu, Azərbaycanın mənafelərinin tam ziddinədir”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, Moskva bəyannaməsi “dənizin dibindəki daşları” tam açıqlığı ilə nümayiş etdirir. “Belə cəhdlər çox pis nəticələr verir. 90-cı illərdə belə cəhdlər Ermənistan parlamentində güllələnmə, Azərbaycanda isə vəzifəli şəxslərin istefası ilə nəticələndi”.
M.Əliyevin dediyinə görə, prezident Medvedevin Rusiyanın Qafqazdan çəkilməyəcəyi barədə bəyanatı ciddi təhlükələrdən xəbər verir. “Son Gürcüstan hadisələri, Rusiyanın Ukraynanı hədələməsi regionda münaqişələrin qalmasının nə dərəcədə təhlükələrə yol açma ehtimallarını bir daha nümayiş etdirir.
Bu səbəbdən də Azərbaycan münaqişənin nizamlanması üzrə mövcud formatdan geri çəkilməməlidir. Bu il GUAM çərçivəsində münaqişələrin BMT-də müzakirəsi var idi. Bu isə həll prosesində Avropa Birliyinin və GUAM dövlətlərinin iştirakını zəruri edirdi. Bunun əleyhinə isə Rusiya və Ermənistan çıxırdı. Moskva bəyannaməsi isə faktiki olaraq bu müzakirələri gündəlikdən çıxardı”.
Konfliktoloq Arif Yunus bildirib ki, Moskva bəyannaməsi ABŞ-ı münaqişənin nizamlanması prosesindən çıxarma məqsədi güdür. “Bu həm də Rusiyanın mövqeyinin regionda gücləndirilməsi deməkdir. Təklif edilən Madrid prinsipi isə Ermənistanın mənafeyinin müdafiəsidir. Çünki Madrid prinsipi Dağlıq Qarabağda referendum keçirilməsinə söykənir. Bu isə qabaqcadan Qarabağın itirilməsi deməkdir”.

XS
SM
MD
LG