Accessibility links

Eldar Namazov: Rusiya prezidentinin yeni təklifləri region dövlətlərinin təhlükəsizliyinə təhdid yaradır 


Rusiya prezidenti Dmitri Medvedev “Müdafiə haqqında” qanuna düzəlişlərlə bağlı Rusiya parlamentinə qanun layihəsi təqdim edib. Sənəd Rusiya hüdudlarından kənarda hərbi əməliyyatların başlanmasını sadələşdirməyi nəzərdə tutur. Belə ki, qanun layihəsi prezidentə parlament qərar qəbul etməzdən əvvəl dövlət sərhədlərindən kənarda qüvvə tətbiqi ilə bağlı əmr vermək hüququ nəzərdə tutur.
“Müdafiə haqqında” qanuna düzəlişlərə əsasən, Rusiya xaricdə hərbi əməliyyatlara aşağıdakı hallarda başlaya bilər: Rusiyanın hüdudlarından kənarda Rusiya Silahlı Qüvvələrinə basqının dəf edilməsi; başqa dövlətə qarşı təcavüzün dəf edilməsi; xaricdə Rusiya vətəndaşlarının müdafiəsi; piratçılığa qarşı mübarizə və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi.
“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov sənədi Rusiyanın dünyaya mesajı kimi qiymətləndirir. Onun fikrincə, ötən ilin avqustunda da Rusiya parlamentin icazəsi olmadan Gürcüstana qarşı güc tətbiq edib. “Rusiyanın hərəkəti ölkəyə qarşı ciddi tənqidlərə səbəb oldu. Bu isə Rusiya hakimiyyətini qəzəbləndirib. Qəzəbli hakimiyyət bir-birinin arxasınca təəssüfdoğurucu bəyanatlarla çıxış edir. Bu hədələyici bəyanatlar xüsusilə Rusiyanın Gürcüstana təcavüzünün ildönümündə səslənir, əsasən Ukrayna və Gürcüstana qarşı yönəlib”.
Politoloq hesab edir ki, Rusiya prezidentinin qanuna dəyişiklik təşəbbüsü, eyni zamanda qonşu dövlətlər üçün ciddi təhdidlər yaradır. “Cənubi Qafqazda bu təhdidlər daha realdır. Çünki Cənubi Qafqazda Gürcüstan və Azərbaycan hər hansı hərbi təşkilatın üzvü deyil. Bu səbəbdən də Cənubi Qafqaz regionunda təhlükəsizliklə bağlı bir boşluq mövcuddur”, - deyə o qeyd edib.



XS
SM
MD
LG