Accessibility links

Azərbaycanın «Müsavat» partiyası qiymətlərin artırılmasına etiraz edir


«Müsavat» partiyası metronun «Həzi Aslanov» stansiyası «Ukrayna» meydanı marşurutu ilə qiymətlərin kəskin artırılmasına etiraz olaraq yürüş-mitinq keçirib. Tədbirdə «İşıq pulu, qaz pulu, hanı Ceyhanın pulu!», «İşıq, su, qaz, belə bahalıq olmaz!», «İstefa!» şüarları qaldırılıb. Qarlı-küləkli hava şəraitinə baxmayaraq yürüş–mitinqdə bir neçə yüz Müsavat tərəfdarı iştirak edib. Partiyanın fəalı İbrahim İbrahimli bildirib ki, Müsavat partiyasının və ictimaiyyətin etirazları hökumətin qiymətlərin artımı ilə bağlı siyasətinin qarşısının alınmasına səbəb olub. Onun sözlərinə görə, iqtidar təbii qazın qiymətinin də bir neçə dəfə artırılmasını nəzərdən keçirir. «Müsavat» başqanı İsa Qəmbər havanın soyuq olması səbəbindən mitinqi vaxtından bir saat tez yekunlaşdırıb. O hökumətin qiymət artımı siyasətini kəskin tənqid edib. Müsavat başqanı mitinqlərin artan xəttlə davam edəcəyini düşünür. O dövlət başçısı İlham Əliyevin ölkədəki sosial-iqtisadi yüksəlişlə bağlı son bəyanatlarına da münasibət bildirib. «Müsavat» başqanı hesab edir ki, cənab Əliyevin bəyanatları yumoristlər üçün yaxşı mövzudur. Cənab Qəmbər «Müsavat» partiyasının xalqı öz hüquqlarının müdafiəsi uğrunda mübarizəyə qaldıracağına əmindir. Onun fikrincə, xalq nə qədər etiraz etdisə, maaş və pensiyalar da o miqyasda qaldırıldı. Etirazların miqyası genişlənərsə hökumət məsuliyyətini daha yaxşı anlayar. Bakı şəhər Baş Polis idarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi Şamil Seyidli isə «Amerikanın səsi» radiosuna yürüş-mitinqin sakit şəraitdə keçdiyini bildirib.
XS
SM
MD
LG