Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə, NATO-nun Mənzil Qərargahında Azərbaycanın NATO ilə əməkdaşlıq üzrə Fərdi Tərəfdaşlıq Əməliyyat Planının (FTƏP) yerinə yetirilməsinin qiymətləndirilməsinə dair görüşlər keçirir.
Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə NATO-nun Şimali Atlantika Şurası çərçivəsində keçirilib.
Azərbaycan nümayəndə heyətinə Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların yüksək səviyyəli nümayəndələri daxildir.
E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə toxunaraq bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini vurğulayıb.
Azərbaycan nümayəndə heyəti Şimali Atlantika Müqaviləsi Təşkilatının rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, FTƏP-in yerinə yetirilməsi, Ermənistan-Azərbaycan münaqişəsi, regionda ümumi təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Xarici işlər naziri eyni zamanda, Avropa Komissiyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı xanım Benita Ferrero-Valdner ilə görüş keçirib.
Görüş zamanı tərəflər Avropa Qonşuluq siyasəti çərçivəsində Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planının həyata keçirilməsi, Avropa İttifaqı və Azərbaycan cari münasibətləri, regional proseslər, Ermənistan-Azərbaycan münaqişəsi, enerji təhlükəsizliyi və digər məsələləri müzakirə edib.