Accessibility links

Azərbaycan-Türkmənistan neft və qaz konfransının əsas bəyanatı: Nabucco layihəsi mütləq reallaşacaq    


Bakıda "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlıq strategiyası" I Beynəlxalq Konfrans-sərgisi işinə başlayıb. Tədbirdə dünyanın 31 ölkəsindən 450 nümayəndə, o cümlədən Türkmənistandan 129 nəfərlik nümayəndə heyəti iştirak edir.

Konfransda Azərbaycan və Türkmənistan prezidentlərinin təbriki oxunub. Azərbaycan prezidenti İlham Əliyevin müraciətində beynəlxalq ictimaiyyətin Xəzər hövzəsinə, xüsusən Azərbaycan və Türkmənistana artan marağı qeyd edilib. "Azərbaycan xarici şirkətlərlə işdə özünü nümunəvi partnyor kimi göstərib və onlarla əməkdaşlığı genişləndirmək niyyətindədir. Və bu konfrans xarici investorlar üçün Azərbaycan və Türkmənistanın imkanlarının qiymətləndirilməsi və onların enerji resurslarının dünya bazarlarına nəqli üçün yeni perspektivlər açır".

Türkmənistan prezidentinin müraciətində deyilir ki, hazırda iki ölkənin qonşuluq münasibətlərindən strateji partnyorluğa, xüsusən neft-qaz sahəsində əlaqələrə keçidi üçün yaxşı perspektivlər açılır. "Azərbaycan və Türkmənistanın hazırki əlaqələri ticarət münasibətlərini qat-qat artırmağa, əməkdaşlığı yeni səviyyəyə qaldırmağa imkan verir. Türkmənistanın yeni energetika siyasəti ölkənin neft-qaz yataqlarının işlənməsində xarici kapitalın fəal iştirakına yönəlib. Hazırda Türkmənistan ərazisində mindən çox perspektivli struktur var,150 yataq aşkar olunub ki, onlardan 58-i istismardadır."

Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bildirib ki, Azərbaycan öz müttəfiqləri ilə birgə regionda hətta əfsanə sayılan Bakı-Tbilisi-Ceyhan kimi mürəkkəb layihəni rallığa çevirib. İndi isə Mərkəzi Asiya enerji daşıyıcılarının qərbə daşınması ilə bağlı olan layihələr realıaşdırılacaq.

Cənab Eyyubovun dediyinə görə, Azərbaycan bu il 50 milyon ton neft, 28 milyard kubmetr qaz hasil edib. O ölkənin artıq xarici ölkələrə investisiya yönəltməyə başladığını da önə çəkib.

Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Hilmi Gülər bildirib ki, hazırda Ceyhan limanında sutkada 1 milyon ton neft gəmilərə yüklənir. Onun sözlərinə görə, region ölkələri neft və qaz layihələrini reallaşdırdıqdan sonra yeni Nabucco layihəsinin reallaşdırılması üçün çalışır. Nazir hesab edir ki, Avropanın enerji təhlürəsizliyinə töhvə verəcək bu layihə uğrunda ciddi yarış başlayıb.

"ABŞ siyasətində regionun enerji təhlükəsizliyinin vacib yeri var. Biz bu sahədə region ölkələrinə dəstək verməkdən qürur duyuruq". Bu bğyanatla isə ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Boyden Qrey çıxış edib.

Onun sözlərinə görə, ABŞ regionda təhlükəsizliyi və enerji layihələrini dəstəkləyir. "ABŞ onunla bağlı olan işlərə zəmanət verir. Biz bilirik ki, Xəzər layihələri uzunmüddətli və məqsədəuyğun xarakter daşıyır. Biz regionun iqtisadi inkişafında, neft və qaz sahəsində əməkdaşlığında maraqlıyıq. Regionun Avropaya təsiri də mühümdür", - deyə o qeyd edib.
Gürcüstanın energetika naziri Aleksandr Xetaqurinin fikrincə, tranzit daşımalarının ölkələr arasında münasibətlərin inkişafında mühüm rolu var. Bu baxımdan Gürcüstan Azərbaycan, Türkiyə və Türkmənistanla əməkdaşlıqdan fəxr duyur.
Onun sözlərinə görə, hazırki infrastrukur regionun enerji daçıyıcılarının qərbə ötürülməsinə tam imkan yaradır. "Regionun enerji daşıyıcılarının qərbə ötürülməsinin gələcək perspektivləri Transxəzər və Nabucco layihələrindən asılı olacaq. Ona görə də Nabucco layihəsinin həm yüksək maliyyə təminatı olmalı, həm yuksək siyasi dəstək verilməli, həm də təhlükəsizlik sahəsində yüksək təminat verilməlidir", - deyə o qeyd edib.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev isə Azərbaycanın Nabucco layihəsinin gələcəyinə inandığını bildirib. Onun fikrincə, çətinlik odur ki, layihənin əleydarları ehtiyatların mənbəyini həddən ziyadə siyasiləşdirib.

"Türkmənqaz" Dövlət Konserninin sədri Baymurad Xocamuxammedov "Amerikanın səsi" radiosuna bildirb ki, regionun enerji resurslarının qərb bazarlarına daşınmasında Azərbaycan və Türkmənistanın maraqları üst-üstə düşür. "Hər iki dövlətin dünya səviyyəli enerji ehtiyatları var. Ümid edirik ki, Azərbaycan və Türkmənistan qarşılıqlı faydalı əməkdaşlıq edəcək və bu konfrans əməkdaşlığa bir sübutdur" –deyə o qeyd edib.

XS
SM
MD
LG