Accessibility links

ABŞ prezidentinin Türkiyə səfəri Azərbaycanda geniş əks-səda doğurub


ABŞ prezidenti Barak Obamanın Türkiyə səfəri Azərbaycanda geniş əks-səda doğurub. Ölkə mətbuatında, ictimaiyyət arasında Amerika prezidentinin səfəri əsas söhbət mövzusudur. Cənab Obamanın Qafqazda sabitlik, Türkiyə Ermənistan münasibətləri və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanatları isə Azərbaycanda xüsusi maraq doğurur.
Politoloq Rasim Musabəyov Amerika prezidentinin Türkiyəyə səfərinin xüsusi önəm daşıdığını bildirib. Onun fikrincə, ABŞ prezidentinin səfəri regionda sülhün və sabitliyin təmin olunmasında Türkiyənin önəmini daha da artırır.
Politoloq PKK-ya qarşı mübarizədə ABŞ-ın dəstəyinin, eyni zamanda İraq və Əfqanıstanda terrorizmə qarşı mübarizədə Türkiyənin dəstəyinin artacağına ümid edir.
Cənab Musabəyov iki ölkə arasında ticarət əlaqələrinin inkişafını da vacib faktorlardan sayır. Onun fikrincə, hazırkı iqtisadi böhran dövründə Amerika bazarına daha geniş çıxışın əldə edilməsi Türkiyə iqtisadiyyatının inkişafına təkan verə bilər.
ABŞ prezidentinin Türkiyədəki bəyanatları Azərbaycan müxalifəti və iqtidarı tərəfindən də müsbət qarşılanıb. Müxalifətdə olan “Müsavat” partiyasının başqanı İsa Qəmbər cənab Obamanın bəyanatlarının xüsusi önəmini qeyd edib. Onun fikrincə, bu bəyanatlar öyrənilib ciddi təhlil edilməlidir.
İqtidarda olan “Yeni Azərbaycan” partiyasının Siyasi Şurasının üzvü, politoloq Aydın Mirzəzadə hesab edir ki, cənab Obamanın Türkiyəyə səfəri, Atatürkün şəxsiyyətini yüksək qiymətləndirməsi, demokratiyanın Türkiyə xalqının sərvəti olması ilə bağlı bəyanatlarının xüsusi əhəmiyyəti var.
Politoloq ABŞ prezidentinin region ictimaiyyətini düşündürən uydurma soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarının əhəmiyyətini də qeyd edib.


XS
SM
MD
LG