“Türkiyəyə səfərim işçi qaydada müzakirələr üçün həyata keçirilən səfər idi. Türkiyənin yeni xarici işlər naziri təyin edilib. Bu fürsətdən istifadə edib, həm nazirlə, həm də nazirliyin rəhbərliyi ilə görüşlər keçirdik. Görüşlərdə Azərbaycan-Türkiyə əlaqələri, regional problemlər və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq”. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov mayın 3-4-də Türkiyə səfərinin yekunları ilə bağlı bildirib.
O, Azərbaycanın Türkiyədən Ermənistanla sərhədlərin açılması barədə suallarına cavab alıb-almaması ilə bağlı bildirib ki, bəzi suallara cavab alıb, bəzi suallar isə dəqiqləşdirilməlidir. “Əsas odur ki, Türkiyə ilə işləri elə qurmalıyıq ki, hər iki ölkənin maraqları təmin edilsin. Maraqlar eynidir: regional təhlükəsizlik təmin edilməlidir, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanımalıdır, Azərbaycanın işğal etdiyi ərazilərini boşaltmalıdır”.
Nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair prinsiplərin hələ razılaşdırılmadığını bilıdirib. “Həmsədrlərin təklif etdiyi layihə üzərində müzakirələr aparılır. Bəzi məsələlər açıq qalır. Bəzi məsələlərə dair isə razılıq əldə edilməyib. Ümumilikdə, hər şey razılaşdırılmayıbsa, deməli heç nə razılaşdırılmayıb. Bu proseslər üzərində iş davam etdirilməlidir”.
O, Azərbaycan və Ermənistan prezidentlərinin Praqada gözlənilən görüşü ilə bağlı sualın cavabında deyib ki, Azərbaycan prezidentinin Praqa səfəri bir neçə hissədən ibarətdir. “Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına dair Zirvə görüşü, enerji dəhlizi ilə bağlı Zirvə görüşü olacaq. Ermənistan prezidenti birinci Zirvə toplantısına qatıldığı üçün həmsədrlərin təklifi ilə prezidentlərin görüşü nəzərdə tutulub. Görüşdə prezidentlərin istəyinə uyğun olaraq, məsələlər müzakirə olunacaq”.
Nazir müavini “Amerikanın səsi”nin ərazilərin hansı formatda qaytarılacağı barədə sualının cavabında bildirib ki, söhbət ilk olaraq neçə rayonun qaytarılmasından getmir. “Azərbaycanın bütün işğal altında olan əraziləri boşaldılmalı və qaytarılmalıdır. Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağ Azərbaycanın tərkibində olacaq. O regionda yaşayacaq iki icmanın birgə yaşaması üçün konkret model işlənəcək. Bu bütövlükdə prosesin skeletini, bel sütununu təşkil edir”.
O hesab edir ki, yuxarıda sadalanan məqsədlərə nail olmaq üçün müvafiq mərhələləri keçmək tələb olunacaq. “Azərbaycanlılar Dağlıq Qarabağa qayıtmayanadək heç bir statusun müzakirəsi həyata keçirilə bilməz. Regionla bağlı hər hansı normal şəraitin təmin edilməsi barədə müzakirə aparıla bilməz. Bu ardıcıllıq Azərbaycan tərəfindən deyil, prosesin məntiqi ilə təyin edilib. Azərbaycan tərəfi prosesin normal irəli aparılması üçün bütün lazımı tədbirləri həyata keçirməyə hazırdır”.
Cənab Əzimov xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri barədə də danışıb. “Azərbaycan xarici işlər nazirinin Vaşinqtondakı görüşləri Amerikanın yeni administrasiyasının problemlərə artan diqqətindən xəbər verir. Yeni administrasiya problemləri müzakirə etməklə hansı yeni töhfələri verə biləcəyini müəyyənləşdirmək istəyir.
O hesab edir ki, rəsmi Vaşinqton tərəflərin mövqeyini aydınlaşdırıb mesajlar verməklə Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşdırılması üçün, yəqin ki, konkret addımlar atacaq.