Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Azərbaycana bir günlük səfərə gəlib. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə baş naziri arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş olub. Görüşdə iki ölkə arasında əməkdaşlığın, ikitərəfli münasibətlərin bütün sahələrdə daim inkişaf etdiyi bildirilib və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Danışıqlarda ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfərqabağı Türkiyənin baş naziri bildirib ki, Cənubi Osetiyada baş verən son olaylar Qafqazda sülh və əməkdaşlıq platformasının yaradılmasını zəruri edir. «Platformanın yaradılmasını Azərbaycan rəhbəri ilə müzakirə edəcəyik. Qafqazda sülh və sabitliyin əldə olunmasında Türkiyənin də marağı var».
O, ötən həftə səfərləri zamanı «Qafqazda sülh və sabitlik platforması»nın yaradılmasının regionda sülh və sabitliyi bərpa edə biləcəyi barədə fikirlərini Rusiya və Gürcüstan rəhbərlərinin də diqqətinə çatdırdığını xatırladıb. "Hər iki tərəf bu təşəbbüsə müsbət yanaşıb. "Beşlik» formatı ilə bağlı Ermənistanla da müzakirələr aparılacaq. Bu həftə Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq. Bundan sonra isə Ermənistanla müzakirələrin hansı formada keçiriləcəyi müəyyən ediləcək», - deyə cənab Ərdoğan qeyd edib.
Azərbaycanda həm iqtidar, həm müxalifət, həm də müstəqil politoloqlar hazırkı anda Qafqazda sülh və sabitlik platformasının yaradılması ideyasını real saymır. Belə ki, bu təşəbbüsə qoşulacağı güman edilən 5 dövlətdən 4-ü müharibə vəziyyətindədir. Eyni zamanda, ekspertlər bu təşəbbüsün NATO və ABŞ-ın maraqlarına qarşı yönəldiyini deyir. İqtidaryönümlü deputat Zahid Oruc ideyanın məntiqi cəhətdən cəlbedici, praktiki cəhətdən real olmadığını deyir.
Müxalifətdə olan AXCP sədri Əli Kərimli Türkiyənin təklifini xoşməramlı sayır. Ancaq təklif reallıqdan çox uzaqdır. Onun fikrincə, öncə Qafqazda işğal altında olan ərazilərin azad edilməsinə çalışmaq lazımdır.
Müstəqil politoloq Rasim Musabəyov hesab edir ki, Türkiyənin təşəbbüsünün perspektivi yoxdur. Çünki belə təşəbbüslər bundan öncə də olub, ancaq özünü doğrultmayıb.
Politoloqun fikrincə, Türkiyə Rusiya ilə regionu bölmək xıyalına düşüb. Bu həm Amerika və NATO dövlətlərinin maraqlarına qarşıdır, həm də qeyri mümkündür.