Accessibility links

Azərbaycanda İrandan gətirilən 180 kiloqram narkotik tutulub


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi "Iran -Azərbaycan" və "Iran - Azərbaycan - Rusiya" marşrutu üzrə narkotiklərin daşınması ilə məşğul olan şəxsləri ifşa edərək zərərsizləşdirib, onlardan ümumilikdə 180 kiloqrama yaxın narkotik vasitələr - heroin, həşiş və tiryək aşkar edilərək götürülüb.
MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, nazirliyin Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində "İran - Azərbaycan - Rusiya" marşrutu ilə külli miqdarda narkotik vasitələrin daşınmasını həyata keçirən, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göndərdiyi narkotik vasitələr aşkarlanaraq götürülüb. Belə ki, İranla sərhəddə yerləşən Azərbaycanın Astara rayon sakini Mütair Musayevin idarə etdiyi, içərisinə Rusiyaya aparmaq üçün kartof yüklənmiş yük avtomobilindən 143 kiloqram 605 qram həşiş aşkarlanaraq götürülüb.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində isə Astara rayon sakini Firdos Həsənov saxlanılıb. O, Astara rayonunun Şahağacı kəndi istiqamətində Xəzər dənizində təhvil aldığı narkotiki açıq dənizdə balıqçı torları bərkidilmiş millərdən birinə bağlayaraq gizlədibmiş. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən o, saxlanıb və 10 kiloqram 132.9 qram həşiş aşkarlanaraq götürülüb.
Keçirilən digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Bakı şəhər sakini Səttarxan Cabbarov və Astara rayon sakini Elşən Hüseynov saxlanılıb, onlardan isə 6 kiloqramdan artıq tiryək və 3 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülüb.
Milli Təhlükəsizlik Nazirliyinin daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan İran vətəndaşı Əyyub Abbasi, Lənkəran şəhər sakini Fuad Kələntərov, Biləsuvar rayon sakinləri - Nicat Kərimov, İlkin Mamedov və Cəlilabad şəhər sakini Rövşən Hüseynov, habelə dövlət sərhədini qanunsuz keçmiş, hazırda şəxsiyyətləri araşıdırılan, özlərini Əfqanıstan vətəndaşları kimi təqdim edən Yasin Rzayi, İsmətulla Rzayi, Əsədulla Əmiri və Şahəvi Məhəmmədi saxlanılıb. Onlardan 11 kiloqram 500 qramdan artıq həşiş, 3 kiloqrama yaxın tiryək və 2 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.
Ümumilikdə qanunsuz narkotik daşınması və alveri ilə məşğul olan 13 nəfər yaxalanıb, 180 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən cıxarılıb.

XS
SM
MD
LG