Bu il Bakıda dünyanın 9 ölkəsinin mədəniyyət günləri keçiriləcək, Azərbaycan mədəniyyət günləri isə 4 ölkədə keçiriləcək. Payız aylarında Londonun "Viktoriya və Albert" Muzeyinin Bakıda sərgisi açılacaq. Bu barədə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2009-cu ildə ilk dəfə Bakıda beynəlxalq Muğam Musabiqəsi təşkil ediləcək və bu gələcəkdə ənənəvi müsabiqə kimi hər il davam etdiriləcək. Nazir bu il yenidənqurma işlərindən sonra bir sıra mədəniyyət müəssisələrinin istismara veriləcəyini deyib. Belə ki, ilin birinci yarısında Gənc Tamaşaçılar Teatrı açılacaq, martın ortalarında İncəsənət muzeyinin baş binasının bərpası başa çatacaq.
Nazir Azərbaycana gələn turistlərin sayının sürətlə artdığını bildirib. Ötən il 52 yeni turist obyekti istifadəyə verilib. Onun sözlərinə görə, 2008-ci ildə Azərbaycana 1 milyon 898.939 nəfər xarici ölkə vətəndaşı gəlib. Onların 1 mllyon 408.988 nəfəri turist kimi, qalanları isə təhsil almaq, işləmək və digər məqsədlərlə gəlib. 2007-ci il ilə müqayisədə ölkəyə gələnlərin ümumi sayı 42,5%, turistlərin sayı isə 39,4% artıb. Cənab Qarayev dünya turist sənayesində böhrana baxmayaraq bu il Azərbaycana gələn turistlərin 18%-dək artacağını düşünür.
Nazirin dediyinə görə, 2008-ci ildə dünyanın əksər ölkələrində Azərbaycana gələn turistlərin sayı artıb, o cümlədən Amerikadan gələnlərin sayı 47% çoxalıb.
Cənab Qarayev ölkədə çoxsaylı yeni otellərin tikilməkdə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, artıq dünyanın otel və turizm sənayesinin nəhəngləri ölkədə işləyir. Bu il isə Qusar rayonunda Şahdağın ətəyində dağ xizək və turizm bazasının inşasına başlanacaq. İnşa və quraşdırma işlərini Fransa şirkətləri həyata keçirəcək.
Öz növbəsində, müstəqil ekspertlər mədəniyyət və turizm sahəsində hökumətin siyasətindən narazıdır. Belə ki, hər iki sahədə sovet yanaşma sistemi dəyişməyib. Mədəniyyət məsələləri üzrə ekspert, professor Rəhman Bədəlov hesab edir ki, mədəniyyət sahəsində keçid dövrü çox ləng gedir. Siyasətin müəyyənləşdirilməsində xalq iştirak etmir.
Turizm və ekologiya məsələləri üzrə ekspert Telman Zeynalov isə turizmi sənayesinin kortəbii inkişafda olduğunu düşünür. Onun fikrincə, turizmi sənayesinin inkişafı təbiətə ziyanın hesabına olmamalıdır. Ekspert hesab edir ki, Azərbaycan təbiəti və mədəni tarixi abidələrinin zənginliyi il boyu milyonlarla turist qəbul etməyə imkan verir.