Accessibility links

Bakıda 15-ci Xəzər Neft, Qaz və Neft emalı sərgisi açılıb


Bakıda 15-ci Xəzər Neft, Qaz və Neft emalı sərgisi açılıb. 3 gün davam edəcək sərgi-konfransda 33 ölkədən 380 şirkət iştirak edir. Açılış mərasiminə prezident İlham Əliyev, ABŞ-ın Avrasiya Energetikası üzrə xüsusi nümayəndəsi Boyden Qray, Böyük Britaniyanın Ticarət və İnvestisiyalar naziri Lord Diqbi Cons, İsrailin Milli İnfrastruktur naziri Binyamin Ben-Eliezer, Gürcüstan və Bolqarıstanın enerji nazirləri çıxış edib. Prezident İlham Əliyev bildirib ki, bu il Azərbaycanda neft hasilatı 50 milyon, növbəti il isə 60 milyon tona çatdırılacaqdır. Hazırda Azərbaycanın 3 neft, 4 qaz kəməri var ki, bu da Xəzərin karbohidrogen ehtiyatlarını istənilən Avropa ölkəsinə nəql etmək imkanı verir. Dövlət başçısı enerji təhlükəsizliyinin gələcəkdə çəkisinin daha da artacağını bildirib. ABŞ-ın Avrasiya Energetikası üzrə xüsusi nümayəndəsi Boyden Qray prezident Corc Buşun təbrikini oxuyub. Təbrikdə deyilir ki, Azərbaycanın nəhəng beynəlxalq enerji şirkətləri ilə birlikdə karbohidrogen sektorunu inkişaf etdirməsi həm Xəzər regionunun iqtisadi tərəqqisinə, həm də qlobal enerji təhlükəsizliyinə xidmət edir. “ABŞ və Avropadan olan partnyorları ümid edir ki, neft ixracının genişlənməsi ilə qaz ixracı da artacaq. Biz hesab edirik ki, bu, Azərbaycanın strateji əhəmiyyətini artıracaq, Türkiyə-Yunanıstan-İtaliya və Nabukko qaz layihələrinin reallaşması ilə avroatlantik birliklə əlaqələrini dərinləşdirəcək. Azərbaycan həm də gələcəkdə Asiya qazının Avropa bazarlarına çıxarılmasında əsas rol oynayır. Biz həmçinin Qazaxıstan neftinin Gürcüstan və Türkiyə ilə əməkdaşlıq çərçivəsində Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhanla birləşən nəqliyyat sistemindən istifadə ilə Azərbaycan ərazisindən tranzitinin artmasına ümid edirik”-deyə ABŞ prezidenti qeyd edir. ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Amerikanın səsi” radiosuna bildirib ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları iki trilyon kubmetrdən çoxdur və ölkənin 200 illik ehtiyaclarını tam ödəyə bilər. Cənab Yusifzadənin sözlərinə görə, hazırda Azərbaycanın bir çox təsdiq olunmuş neft və qaz yataqlarına xarici maraqlar yenidən artıb. Azərbaycanın neft-qaz sənayesində ən böyük rol BP şirkətinə məxsusdur. Bu şirkət Azərbaycanda daha çox işlər görməyi planlaşdırır. “BP-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı şirkətin bu ilin sonunadək Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gündəlik ixrac gücünün 1 milyon 200 min barellə çatdıracağını deyib. Enerji sahəsində digər mühüm hadisə isə sərgidən bir gün öncə Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Millerin Bakıya səfəridir. Şirkətin məlumatında deyilir ki, o prezident İlham Əliyevə uzunmüddətli müqavilə əsasında Azərbaycan qazının bazar qiymətləri ilə alınmasını təklif edib. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev isə bildirib ki. Azərbaycan yalnız Rusiya ilə deyil, bütün istiqamətlərdə danışıqlar aparır ki, təbii qazı daha baha qiymətə satsın. ABŞ-ın nümayəndə heyəti də prezident İlham Əliyev və xarici işlər naziri ilə enerji sahəsində danışıqlar aparıb. Amerika Dövlət katibinin köməkçisi Metyu Brayza bildirib ki, danışıqların əsas mövzusu Xəzərin enerji ehtiyatlarının Avropaya daşınması olub. “Enerji daşıyıcılarının Avropaya nəqli və xüsusən, "Nabukko" layihəsinin reallaşması ətrafında məsləhətləşmələr apardıq”-deyə o qeyd edib.
XS
SM
MD
LG