Yanvarın 22-də Rusiyadan Gürcüstan və Ermənistana gedən qaz və elektrik xəttlərində Şimali Osetiya ərazisində partlayış baş verib.
Hadisədən dərhal sonra Gürcüstan rəhbərliyi Azərbaycana kömək üçün müraciət edib və Azərbaycan qonşu ölkəyə qaz və elektrik nəqlinə başlayıb.
Gürcüstanın Yanacaq və Energetika Nazirliyinin məlumatına görə, Azərbaycandan verilən qazın gündülik həcmi 4 mln. kub m. təşkil edir. Qazın bir hissəsi Tiflis əhalisinin təmin olunması, digəri hissəsi isə Tiflis SES-in 9-cu blokunun işə salınması üçün nəzərdə tutulub.
“Azərenerji” SC-nin məlumatında isə deyilir ki, Gürcüstanın elektrik enerjisi ilə təminatına başlanıb və bu ölkənin enerji sistemi artıq Azərbaycan enerji sistemi ilə paralel işləyir.
Azərbaycan prezidentimin mətbuat xidmətinin məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili dünən prezident İlham Əliyevə zəng edərək Gürcüstanı dəstəklədiyinə görə minnətdarlıq bildirib.