Accessibility links

«Azadlıq» qəzetinin baş redaktorunun məhkəməsi başlayıb və təxirə salınıb


Bakının Yasamal rayon məhkəməsində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Südabə Məmmədova hava şəraitinin pis olması səbəbindən dərhal prosesi yanvarın 15-dək təxirə salıb. Bununla yanaşı, vəkil Elçin Sadıqov Qənimət Zahidin barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb və hakim vəsatətə baxmayıb. Vəkil eyni zamanda baş redaktora qarşı təcridxanada təxribat edilmə şübhələrinin olduğunu bildirib. O bu barədə təcridxananın rəhbərliyini xəbərdar edildiyini deyib. Vəkilin fikrincə, baş redaktora qarşı təcridxanada təxribat etməklə yeni ittiham irəli sürmək istəyirlər. Baş redaktorun həyat yoldaşı Ayəndə xanım da narahatdır. Ayəndə xanım «Amerikanın səsi» radiosuna, həm Qənimət Zahidə qarşı təxribat təhlükəsinin, həm də onun həbsdə saxlanmasının ailəsinə mənəvi sıxıntı gətirdiyini bildirib. Məhkəmə prosesində iştirak edən AXCP sədri Əli Kərimli isə məhkəmədən ədalətli qərar gözləmir. Onun fikrincə, son əfv fərmanı da sübut edir ki, hökuməti tənqid edən şəxslər bağışlanmır. İqtidarda olan YAP icra katibinin müavini Mübariz Qurbanlı isə AXCP sədrinin dediklərini düzgün hesab etmir. Onun fikrincə, ölkədə heç kim hökuməti və ya prezidenti tənqid etdiyinə görə həbs edilmir. Əksinə cənab Kərimli də daxil olmaqla dövlət başçısını çoxsaylı siyasətçi və jurnalist tənqid edir. Ədliyyə nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Qənimət Zahidə qarşı təxribat hazırlanması ilə bağlı deyilənləri təkzib edir. O «Amerikanın səsi» radiosuna vəkilin dediklərinin həqiqətdən uzaq olduğunu bildirib. Qənimət Zahid ötən il noyabrın 7-sində «Azadlıq» qəzeti redaksiyasının yerləşdiyi «Azərbaycan» nəşriyyatının binası qarşısında bir nəfərlə aralarında baş verən insidentdən sonra həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb. Barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilib. Yeri gəlmişkən bildirim ki, Azərbaycan prezidenti dekabrın 28-də imzaladığı əfv fərmanı ilə 5 jurnalist azadlığa buraxılıb. Bu gün mərkəzi qərargahı Parisdə yerləşən "Sərhədsiz reportyorlar" təşkilatı Azərbaycan prezidentinin 119 məhbusun, o cümlədən, 5 jurnalistin azad edilməsi barədə fərmanını alqışlayıb və həbsdə olan jurnalistlər Qənimət Zahid, Eynulla Fətullayev və Mirzə Sakitin də azad edilməsinin vacibliyini qeyd edib. "Bu qərarı alqışlayaraq, biz eyni zamanda həbsdə qalan üç jurnalistin dərhal azad edilməsi zərurətini qeyd edirik" - deyə «Sərhədsiz Reportyorlar»ın Azərbaycan prezidentinə müraciətində deyilir.
XS
SM
MD
LG