Accessibility links

Novruz Məmmədov: Sülhməramlılar qonşu dövlətlərin silahlı qüvvələrindən təşkil edilməməlidir


Son dövrlər Ermənistan - Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar, nizamlanma prosesindəki çətinliklər, Xəzər ətrafında son münasibətlər, gənc blogerlərin həbsi diqqət mərkəzindədir. Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu məsələlərlə bağlı “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar prosesində diqqətdə olan məsələlərin detallarına toxunulub.

Sual: Amerika, Fransa və Rusiya prezidentləri münaqişənin nizamlanma prinsipləri ilə bağlı bəyanatlarından sonra danışıqlarda sanki bir canlanma yaranıb. Artıq ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin nizamlanması konsepsiyası ilə bağlı tərəflər arasında razılıq əldə edildiyini bildirir. Münaqişənin əsas konsepsiyası nədən ibarətdir?
Cavab: Amerika, Rusiya və Fransa prezidentlərinin İtaliyanın Akvila şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatla çıxış etmələri müsbət haldır. Bu o deməkdir ki, dünyada baş verən hadisələrin nəticəsi olaraq hər üç ölkənin prezidentləri belə qənaətə gəlib ki, Cənubi Qafqazda da sabitlik və təhlükəsizliyin təmin edilməsi vacibdir. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli aktuallaşıb. Bu nöqteyi-nəzərdən prezidentlərin bəyanatını müsbət sayıram. Münaqişənin nizamlanmasının konsepsiyasına gəlincə, əlbəttə tərəflərin mövqelərində müəyyən fərqlər var. Ola bilsin ki, çox mühüm fərqlər var. Amma Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı öz konsepsiyasını formalaşdıranda heç bir yeni Amerika açmayıb. O bu gün, münaqişənin reallığı ilə beynəlxalq hüquqdakı qərarları, qətnamələri, sənədləri əsas götürərək mövqeyini formalaşdırıb. Azərbaycan unitar dövlətdir, SSPİ dağılandan sonra beynəlxalq birlik və təşkilatlar tərəfindən öz ərazisi ilə tanınıb. Münaqişənin həllində əsas konsepsiya bunda ibarətdir ki, bu bütün sənədlərdə də əksini tapıb, erməni işğalçıları Azərbaycan ərazilərindən mərhələ-mərhələ çıxıb getməlidir, qaçqınlar öz doğma yurdlarına qayıtmalıdır, bundan sonra keçid dövründə Laçın və Kəlbəcərin işğaldan azad edilməsi və eyni zamanda Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin formalaşması baş verməlidir. Bundan sonra, məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtması başlamalıdır, çünki orada da 60 minədək azərbaycanlı yaşayırdı. Yəni Dağlıq Qarabağda 1991-ci ildəki status-kvo bərpa edilməlidir, Bundan sonra, müəyyən müddət ərzində Dağlıq Qarabağın özünün statusu müəyyənləşməlidir. Bu dövrü də azı iki hissəyə bölmək olar. Birinci, Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlara köçkünlərin qayıtması, dağıntıların aradan qaldırılması, məskunlaşmanın bərpası, Laçın və Kəlbəcərlə bağlı problemlərin həll olunması, bundan öncə isə ilk mərhələdə ərazilər minalardan təmizlənməli, orta mərhələdə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələləri də var. Bütün bunlar, azı 5 ildən 10 ilədək vaxt aparacaq. Sonra Dağlıq Qarabağa köçkünlərin qaytarılması və bərpa prosesləri də öz növbəsində 10 ilədək vaxt apara bilər. Yəni əvvəlki status kvonun bərpa edilməsi və sonra Dağlıq Qarabağın statusu ilə bağlı qərarın qəbul edilməsi, Azərbaycanın konsepsiyası budur. Bütün bunların hamısı isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş verməlidir. Bunun alternativ yolu yoxdur.
Sual: Nizamlanma neçə ilə başa çata bilər? 10 ilə və ya 20 ilə?
Cavab: Müddətlə bağlı mütləq vaxt göstərmək hazırkı anda mümkün deyil. Çünki proseslərin hansı formada gedəcəyi hələ dəqiq deyil. Dağlıq Qarabağın ətrafındakı 7 rayona 760 min köçkün qayıtmalıdır. Oradakı evlər, xəstəxanalar, məktəblər, bütün kommunikasiya qurğuları dağıdılıb. Onların hamısının bərpa edilməsi, insanların yerləşdirilməsi bir günlük problem deyil. Hətta minaların təmizlənməsi belə bir neçə il vaxt aparacaq. Bu nöqteyi-nəzərdən nizamlanmanın 15-20 il çəkəcəyi ilə bağlı qabaqcadan fikir söyləmək də mümkün deyil Amma prosesin 15-20 ilə başa çatacağı realdır.
Sual: Minsk qrupunun həmsədrləri Madrid prinsipinə kiçik düzəliş edildiyini bildirib. Bu kiçik düzəliş nədən ibarətdir? Ümumilikdə çərçivə sazişi nə vaxt imzalana bilər və nizamlanmanın ardıcıllığı necə olmalıdır?
Cavab: Yeni Madrid prinsiplərinə kiçik düzəlişlərin nədən ibarət olması ilə bağlı hələ bir fikir söyləyə bilmərəm. Çünki orada kiçik detallardan söhbət gedir.
Sual: Kiçik detallar nədən ibarətdir?
Cavab: Əsas odur ki, statusun müəyyən edilməsi, nə vaxt və kimlər tərəfindən müəyyən edilməsi, müəyyən mənada qərarın necə qəbul edilməsi, sülhməramlı qüvvələrlər kimi kimlərin və nə vaxt yerləşdirilməsi, dəhlizlə bağlı müəyyən məsələlər var. Həmsədrlər qeyd edir ki, tərəflər sənədin imzalanmasına yaxındır. Bu yaxınlıq var, düzgündür. Amma müəyyən bir kiçik hal bəzən bütün həll prosesinə böyük bir dəyişiklik gətirir. Ona görə də, nə qədər ki, kiçik detallar da həll olunmayıb, hansısa bir sənədin imzalanacağı barədə söz deyə bilmərəm. Ola bilsin ki, bununla bağlı həmsədrlər daha dəqiq məlumat deyə bilər. Amma yenə də qeyd edirəm, hətta mərhələlərin necə həyata keçirilməsi məsələsində də bəzən problemlər olur. Əlbəttə Ermənistan istəyər ki, Dağlıq Qarabağın statusu ilk mərhələdə müəyyənləşsin. Amma bu düzgün deyil. Ümumi razılıq, həmsədrlərin özləri tərəfindən də razılıq bundan ibarətdir ki, əvvəlcə Dağlıq Qarabağın ətrafındakı 7 rayon azad edilsin. Bu da mərhələ-mərhələ baş verə bilər. Bundan sonra, ərazilər minalardan təmizlənməlidir. Ermənilər həm Azərbaycanın ərazilərini işğal edib, həm də orada o qədər çox mina yerləşdirib ki, indi minaların təmizlənməsinə həm çoxlu vaxt, həm də çoxlu vəsait tələb olunur. Sonra məcburi köçkünlər qayıtmalıdır. Bu bir neçə ilə baş verəcək. Bundan öncə isə, orada yaşamaq üçün tələb olunan infrastruktur yaradılmalıdır. Sonra Laçın və Kəlbəcər qaytarılmalıdır və dəhliz məsələsi həll edilməlidir. Azərbaycanlılar 7 rayonda yerləşdirilməsi və sülhməramlı qüvvələrin Dağlıq Qarabağ ətrafında yerləşdirilməsi və hansı tərkibdə olması məsələsi gündəlikdə duracaq. Bu arada Dağlıq Qarabağın özünə köçkünlərin qaytarılması baş verəcək. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və oraya münaqişəyə qədər yaşamış 60 minədək azərbaycanlı qayıtmalıdır. Ən son mərhələ isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsidir.
Sual: Sülhyaratma qüvvələri hansı ölkələrin Silahlı Qüvvələrindən təşkil edilməlidir və hansı ərazilərdə yerləşdirilməlidir? Dağlıq Qarabağın ətrafında, erməni və azərbaycanlıların yaşayış məntəqələrinin arasında və ya Ermənistan-Azərbaycan sərhədlərində?
Cavab: Bununla bağlı da hələ qəti cavab vermək mümkün deyil. Çünki müzakirələrin obyektidir. Azərbaycanın mövqeyi belədir ki, sülhməramlı qüvvələr qonşu dövlətlərin Silahlı Qüvvələrindən təşkil edilməsin. Fikrimizcə, sülhməramlı missiyanın Avropa dövlətlərinin və Amerikanın Silahlı Qüvvələrindən təşkil edilməsi daha yaxşıdır. Sülhməramlı qüvvələrin harada yerləşdirilməsi ilə bağlı da müzakirələr aparılır. Daha yaxşı variant, hələlik, müvəqqəti olaraq Dağlıq Qarabağla onun ətrafında olan rayonların təmas xəttində sülhməramlıların yerləşdirilməsi daha məqsədəuyğun hesab edilə bilər. Bir məsələyə hələ beynəlxalq birliyini münasibət bildirməməsi də gülüş doğurur. Necə ola bilər ki, Ermənistan işğal etdiyi Azərbaycanın 7 rayonunu təhlükəsizlik zonası, bufer zonası adlandırır.
Sual: Dağlıq Qarabağın statusu necə müəyyən edilməlidir? Bəziləri referendum yolu, bəziləri yerli səsvermə yolu ilə bunun mümkünlüyünü irəli sürür. Azərbaycanın mövcud konstitusiyasında isə bunların heç biri təsbit olunmayıb. Konstitusiyada ümumxalq səsverməsi (referendum) norması var.
Cavab: Bununla bağlı müxtəlif mövqelər bildirilir. Azərbaycanın konstitusiyası qüvvədədir və ölkə bu konstitusiya ilə idarə olunur. Dağlıq Qarabağ da Azərbaycan ərazisi olduğundan Azərbaycan konstitusiyasının imkan verdiyi metodlardan istifadə edilməlidir. Amma Dağlıq Qarabağın statusu məsələsi sonuncu mərhələdir və bunun ətrafında müzakirələr davam edir. Ona görə də, hazırda konkret bir fikir söyləmək mümkün deyil. Bununla bağlı, tərəflər razılığa gəldikdən sonra danışmaq daha yaxşı olar. Mənim indi hər hansı münasibət bildirməyim, çox zaman ermənilər üçün bəhanə verir və özlərinin istədiyi kimi şərh edib Ermənistanda mövqe formalaşdırmağa çalışırlar.
Sual: Xalqların sülhə hazırlanması necə aparılmalıdır? Azərbaycanda ictimai fikri sülhə hazırlanırmı?
Cavab: Azərbaycan xalqı təbiətən sülhsevər xalqdır. Əslində bu mənada Azərbaycan xalqını sülhə hazırlamağa o qədər də ehtiyac yoxdur. Münaqişə ədalətli həll edilərsə, köçkünlər öz doğma yurdlarına qayıtmaq imkanı əldə edərsə sülh prosesi çox asan olacaq. 20-ci əsrdə də ermənilər və azərbaycanlılar arasında belə münaqişələr olub və ondan sonra Azərbaycan xalqı öz sülhsevərliyindən çıxış edərək ermənilərlə dinc-yanaşı yaşayıb. Ermənilər başa düşməlidir ki, onlar münaqişəni başlamaqla çox şey itirdilər. Azərbaycanda ermənilər Ermənistanda yaşayan ermənilərdən daha yaxşı təmin olunmuşdu. Sovet İttifaqı dağılandan sonra Azərbaycanda ermənilər üçün gözəl bir imkan açılmışdı. Ermənilər avantürüst ideyalarının qurbanına çevrilib, özlərini indi sıxıblar balaca torpaqlarına və regionda gedən bütün proseslərdən məhrum olublar, kənarda qalıblar. Ermənilər bir qayda olaraq daim Azərbaycanın hesabına yaşayıb. Buradan daim Ermənistana məhsullar ixrac olunub. Bu mənada düşünürəm ki, sülh sazişi ədalətli olarsa, xalqların yaxınlaşması normal davam edəcək.
Sual: Kommunikasiyaların bərpası necə həyata keçirilməlidir? İlk öncə hansı kommunikasiya qurğuları bərpa edilməlidir?
Cavab: Bununla da bağlı hələ mütləq fikir yoxdur. Amma bu sülh prosesinin əsas elementlərindən biridir. Kommunikasiyaların genişləndirilməsi həm də Cənubi Qafqazda əməkdaşlığın əsas elementlərindəndir. Münaqişə Ermənistanı regiondakı kommunikasiya layihələrində iştirakdan da məhrum edib. Ermənistan rəhbərləri bir qədər müdrik olsa idilər, xalqlarının gələcəyini səmimiyyətlə düşünsəydilər Cənubi Qafqazdakı infrastrukturlardan istifadə edərək xalqlarının firəvanlığını təmin edə bilərdilər. Bu nöqteyi-nəzərdən münaqişənin nizamlanması uğurlu olacağı təqdirdə ilk öncə dəmiryol əlaqələri bərpa ediləcək. Bununla yanaşı, təmas nöqtələrində yerli lokal kommunikasiya qurğuları bərpa edilə bilər. Bundan sonra, avtomobil yollarının açılması gündəlikdə dura bilər. Sonra hava yolları açıla bilər və bərpa prosesi davam edər. Hesab edirəm ki, Ermənistan ilk öncə dəmiryolunun açılmasında maraqlıdır. Çünki Ermənistan hazırda özünü blokadada hesab edir və bunu özü yaradıb.
Sual: Çərçivə sazişi nə vaxt imzalana bilər? Beynəlxalq ekspertlər hesab edir ki, Rusiya münaqişənin nizamlanmasında maraqlı deyil. Ümumilikdə, Amerika, Fransa və Rusiyanın münaqişənin nizamlanmasına münasibətini necə qiymətləndirirsiniz?
Cavab: Bu çox mürəkkəb məsələdir. Azərbaycanın istəyi odur ki, beynəlxalq münasibətlər sistemində ədalət prinsipi əsas olsun. Böyük dövlətlərin münasibətlərində səmimiyyət prinsipi bərpa olunmasa, bu həm dünya, həm də onların öz münasibətləri üçün problem yaradacaq. Ona görə də, ədalət prinsipi birinci olmalıdır. Bu nöqteyi-nəzərdən təəssüflər olsun ki, beynəlxalq birlik, başda Amerika, Rusiya, Avropanın təmsilçisi olaraq Fransa olmaqla münaqişənin həlli məsələsinə ilk gündən indiyədək lazımi, kifayət qədər mümkün qəti və düzgün mövqe bildirməyib. Bu gün də ABŞ-da ekspertlər, siyasətçilər təəccüblə bildirir ki, necə olur ki, beynəlxalq birlik tərəflərə deyir ki, siz özünüz aranızda razılaşma əldə edin, sonra biz kömək edək. Bu mövqe hətta gülüş doğurur. Amma müəyyən məsələlərdə bu böyük dövlətlər çox qəti addımlar atır. Necə olur ki, bir-birinə oxşar məsələlərin ikisində çox qəti addımlar atırlar, mövqe bildirilər və dünyada bu mövqenin qəbulu üçün addımlar atılır, başqa bir məsələ isə diqqətdən kənarda qalır və hərdənbir mövqe bildirirlər. Bu düzgün deyildir. Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə, problemi hər üç həmsədr dövlətə aid edirəm. Doğrudur, həmsədr dövlətlərin prezidentlərinin son bəyanatı və həmsədr ölkələrin vaxtaşırı müəyyən fəallığı bir qədər vəziyyəti dəyişdirir. Bir vaxtlar, Fransa belə fəallıq etmişdi, sonra Rusiya fəallıq edib və son zamanlar da bu müşahidə edilir, ABŞ - da fəallıq edib, Kolin Pauel dövlət katibi olanda Ki-Vestdə mövqelər yaxın olub. İndi də prezident Obamanın Türkiyəyə səfərindən sonra məsələyə diqqət artıb. Ümumilikdə isə, son dövrlər dünya birliyində Cənubi Qafqazdakı vəziyyətlə bağlı maraq güclənib. Burada sabitliyin təhlükəsizliyin hamıya fayda verəcəyini gördülər. Həmsədr dövlət başçılarının İtaliya bəyanatını da Azərbaycan bu dövlətlərin münaqişənin həllinə marağının artması kimi dəyərləndirir. Amma hesab edirəm kİ, Amerika, Fransa və Rusiya münaqişə ilə bağlı çoxdan mövqe bildirməli idi. Münaqişədə kimin qara, kimin ağ, kiminsə başqa rəngdə olmasını göstərməli idilər. Həmsədr ölkələrin “hüquqi, siyasi neytrallıq” nümayiş etdirməsi qəbuledilməzdir. Bu isə həmsədr dövlətlərə qarşı dünyada çox mənfi fikir formalaşdırır. Hesab edirəm ki, bu baxımdan hər üç dövlət üçün ədalətli mövqe əsas prinsip olmalıdır.
Sual: Amerika Minsk qrupunda həmsədrini dəyişib. Başqa dövlətlər də bu addımı ata bilərmi? Həmsədrlərin dəyişməsi sülh prosesinə təkan verə bilərmi?
Cavab: Həmsədrlərin dəyişməsi sülh prosesinə təkan da verə bilər, prosesləri bir-iki ay tormozlaya da bilər. Ona görə ki, yeni təyin edilmiş diplomat prosesi dərindən öyrənməsi üçün müəyyən vaxt tələb oluna bilər. Eyni zamanda, həmsədrlərin dəyişdirilməsi prosesləri gücləndirmək məqsədi də daşıya bilər. ABŞ tərəfindən belə bir mövqe elan edilib. Amma hələ, ABŞ Azərbaycana xanım Tina Kaidanovun həmsədr təyin ediləcəyi barədə rəsmi məlumat verməyib. Amma bu barədə söhbətlər var. Hesab edirəm ki, xanım Kaidanov karyera diplomatıdır, münaqişələrlə bağlı yaxşı mütəxəssisdir, konfliktoloqdur. Ona görə də münaqişənin həllində müəyyən rolu ola bilər. Amma, həmsədrlər öz dövlətlərini təmsil edir və dövlətlərinin siyasətini həyata keçirir. Bu səbəbdən də, münaqişənin həllində həmsədrlərdən daha çox, həmsədr dövlətlərin mövqeyi önəmlidir.
Sual: Son zamanlar Azərbaycanda ictimai fikirdə partizan hərəkatının yaradılması ilə bağlı bəyanatlar çoxalmaqdadır. Bəyanatlarda müharibə başlayarsa partizan hərəkatının orduya köməyi vacib hesab edilir. Bu mümkündürmü?
Cavab: Danışıqların getdiyi bir vaxtda, indiki mərhələdə, partizan hərəkatından danışmağı düzgün hesab etmirəm. Azərbaycanın yaxşı silahlanmış, təchiz olunmuş güclü ordusu var. Ordu qarşısına qoyulmuş bütün missiyaları yerinə yetirməyə qadirdir. Bununla yanaşı, təbii ki, yeri gələndə Azərbaycan xalqı da öz ərazi bütövlüyünü bərpa etməyə, torpaqlarını işğaldan azad etməyə hazırdır. Amma, indi danışılar aparılır və danışıqlar davam etdirilməlidir. Bütün səylər münaqişənin həlli istiqamətinə yönəlməlidir.
Sual: Son zamanlar Xəzər ətrafında müxtəlif həyəcan doğuran bəyanatlar səslənir. Xüsusilə istərdim ki, Rusiya və İranın Xəzərin cənub hissəsində birgə hərbi təlimlərinə münasibət bildirəsiniz? Bu təlimlər digər sahilyanı dövlətlərə hədə deyilmi?
Cavab: Xarici siyasətimizin əsas məqsədi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, qorumaq, inkişafını, çiçəklənməsini təmin etməkdir. Prezident Heydər Əliyev bunun üçün böyük səylər göstərib və ümumi zəmin hazırlayıb. Azərbaycan çox mürəkkəb və çətin geosiyasi məkanda yerləşir. Belə mürəkkəb geosiyasi məkanda Azərbaycan öz mövqelərini qoruyur və maraqlarını təmin edən müstəqil daxili və xarici siyasət kursu həyata keçirir. Əlbəttə, Azərbaycanın da bəzi proseslər xoşuna gəlmir. Müəyyən proseslər Azərbaycanda da birmənalı qarşılanmır. Amma bununla bağlı da, mövqeyi elə qurur, elə addımlar atırıq ki, Azərbaycana qarşı təhdidlər yönəlibsə, onları neytrallaşdıra bilək. Azərbaycanın prezidentləri, həm prezident Heydər Əliyev, həm də prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Xəzər dostluq, əməkdaşlıq, tərəfdaşlıq və sülh dənizi olmalıdır. Bununla bağlı, Azərbaycan lazımi bütün addımları atır. Bu gün, Xəzərdə beynəlxalq əməkdaşlıq məhz, Azərbaycanın səyləri nəticəsində baş verib. Bu prosesləri Azərbaycan bundan sonra davam etdirəcək. Xəzərin sektorlara bölünməsi, neft və qaz hasilatının həyata keçirilməsi beynəlxalq əməkdaşlığın gözəl nümunəsidir. Müəyyən proseslər baş versə də, ümumi ana xəttə güclü təsir göstərməyəcək. Bu regionda alternativi olmayan bir münasibət sistemi varsa, o da əməkdaşlıqdır, dostluq və sülhdür.
Sual: Digər tərəfdən isə Xəzəryanı dövlətlər silahlanmaqda davam edir. Sahilyanı dövlətlər hərbi büdcəsini ilbəil artırır və Xəzərdə artıq güc nümayişləri başlayıb. İran nüvə proqramlarını davam etdirir, Rusiya prezidenti isə bu günlərdə xaricdə güc tətbiqi ilə bağlı səlahiyyətlər almaq təşəbbüsü ilə parlamentə müraciət edib. Bunlara münasibətiniz necədir?
Cavab: Sualınız çox mürəkkəbdir. Bunlara birmənalı cavab vermək çox çətindir. Təəssüf edirəm ki, 21-ci əsrin əvvəllərində, bəşəriyyətin belə yüksək inkişaf səviyyəsində dövlətlər arasına bu sahədə çox böyük rəqabət var, hərbi potensialaı artırmağa böyük səylər göstərilir. Digər tərəfdən isə, bütün danışıqlarda, sənədlərdə sülhdən, təhlükəsizlikdən və sabitlikdən danışılır. Ən çox inkişaf etmiş dövlətdən ən zəif inkişaf etmiş dövlətə kimi hamı öz maraqlarını bütün maraqlardan öndə görür. Amma dünyada ölkələr və xalqlar ambisiyasız və müharibəsiz daha firəvan yaşaya bilər.
Sual: Türkmənistanın son bəyanatlarına münasibətiniz necədir? Azərbaycan Türkmənistanla münasibətlərin gələcək perspektivlərinə necə baxır?
Cavab: Azərbaycan-Türkmənistan əlaqələri son dövrlər yaxşılaşıb. Prezidentlərin qarşılıqlı səfərləri olub. Əməkdaşlığı, dostluğu möhkəmləndirməklə bağlı qarşılıqlı bəyanatlar verilib, əlaqələrin inkişafı yönümündə mühüm addımlar atılıb. Bu ən düzgün yoldur, başqa yol yoxdur. Müəyyən məsələləri daha çətinə salmağa, daha mürəkkəbə aparmağa ehtiyac da yoxdur.
Xəzər dənizi ilə bağlı sahilyanı dövlətlər arasında yaranmış problemin dünyada analoqu yoxdur. Dünya praktikasında belə model və təcrübə mövcud deyil. Beynəlxalq təcrübədə müəyyən presedentlər, beynəlxalq hüquq və dənizdə on illiklərlə davam edən fəaliyyət forması əsas kimi götürülməlidir. Bu fəaliyyətlər tərəflər arasında, o cümlədən Rusiya ilə İran arasında razılaşdırılıb. Eləcə də respublikalar arasında, Xəzərdə fəaliyyətlər formalaşıb və illərlə davam edib. Əməkdaşlığın müəyyən prinsipləri olub. Bu yolla biz daha uğurlu əməkdaşlığın zəminini yarada bilərik. Əslində təcrübə göstərir ki, başqa metodlara əl atmaq uğurlu perspektiv vəd etmir.
Sual: Keçmiş Türkmənistan prezidentinin sərt bəyanatlarından sonra iki dövlət arasında neçə illər münasibətlər soyuq olaraq qaldı? Hazırda Azərbaycanın Türkmənistanla münasibətlərinin perspektivlərini necə görürsünüz?
Cavab: Türkmənlər və azərbaycanlılar kökü, mədəniyyəti, dini, tarixi çox yaxın olan qardaş xalqlardır. Biz həm də, qonşu xalqlarıq. Xəzər də əslində qonşuluq üçün yaxşı bir sülh ərazisidir. Bu xalqlar, dövlətlər arasında dostluğun əməkdaşlığın alternativi yoxdur. Bunun yüksək səviyyəsinə, tərəfləri təmin edən səviyyəsinə çatmaq üçün müəyyən bir dövr keçməliyik. O dövr də görünür, bir qədər narahat dövrdür. Dövlətlərin dövlətçilik təcrübəsi çox zəngin olsa idi, bu baş verməzdi. Bizim qarşımızda belə bir model də var. Avropa dövlətləri əsrlərlə müharibə edib, bir-birinin ərazisini işğal edib. Lakin bu gün Avropa dövlətləri Avropa İttifaqı adlı bir qurum yaradıb. Bütün münasibətlərini tənzimləyib və tənzimlənməyən münasibətləri isə tarixin arxivinə göndəriblər. Bizə də, bu təcrübəsən istifadə çox lazımdır. Hesab edirəm ki, nəhayətdə bütün Xəzəryanı dövlətlər bu fikri qəbul edəcək.
Sual: Blogerlərin həbsi ilə bağlı Azərbaycan dövlət başçısına çoxsaylı müraciətlər olub. Bu müraciətlərə cavab varmı?
Cavab: Buna münasibətimiz birmənalıdır. Sadəcə olaraq , çox təəssüf ki, bu gün qərb imkanlarından istifadə edərək kiçik bir milçəyin uçmasını böyük hadisə edərək dünyaya yaya bilir. Amma dəvənin, filin yıxılıb ölməsini, bəzən qulaq ardına vurur. Blogerlərin həbsi sadəcə bir xuliqanlıq hadisəsidir. Bir xuliqanlıq baş verib və bir-iki aydan sonra onlar buraxılacaq. Amma belə işlər dünyada yüzlərlə olur, sadəcə olaraq onların bir neçəsini kimlərəsə lazım olanda siyasiləşdirir. Sonra isə ,kimlərinsə marağına uyğun olaraq dünyada süni olaraq mühüm hadisə kimi qələmə verirlər. Amma 760 min adamın 20 ildir öz evlərindən didərgin salınması, var-dövlətlərinin dağıdılması, bütün hüquqlarının pozulması barədə bir dəfə də olsun beynəlxalq media vasitələri normal məlumat vermir. Ona görə də, Azərbaycan istəyir ki, ona qarşı münasibət ədalətli olsun.
7-8 nəfər bu gənc bir iki nəfərə qarşı olub. Bunu beynəlxalq mətbuat, Azərbaycanda olan səfirlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, xarici nümayəndələr şişirdir. Amma Azərbaycanın həyati vacib məsələlərindən aylarla danışmırlar.
Sual: Azərbaycan blogerləri həbsdən azad etmək istəyirmi?
Cavab: Bütün məsələlər qanunlar çərçivəsində həll olunduğu kimi, bu məsələ də qanunvericilik daxilində həllini tapacaq. Bundan heç kim narahat olmasın. Azərbaycan müstəqil dövlətdir. Biz görəndə ki, kimlərsə Azərbaycana süni təzyiqlər edir, bundan öz məqsədləri üçün istifadə etmək istəyir və bunları qəbul etmirik. Azərbaycan bütün dövlətlərlə səmimi əməkdaşlıq edir, dostluğu və tərəfdaşlığı qiymətləndirir. Lakin digər tərəf Azərbaycandan piyada kimi istifadə etməyə çalışırsa bu qəbul edilməyəcək. Azərbaycanın xarici və daxili siyasətində ədalətsiz kənar təsirlər qəbul edilmir. Azərbaycandakı proseslər qanunlarla idarə olunur. Mən demirəm ki, Azərbaycanda nöqsan yoxdur və hər şey idealdır. Xeyr var. Amma Azərbaycan son 17 ildə göstərdi ki, öz seçimində demokratik hüquqi və dünyəvi dövlət qurumunda bütün çətinliklərə baxmayaraq irəliləyir. Azərbaycan tezliklə qərbdə olan dövlətlər kimi sivil vətəndaş cəmiyyəti dövlətinə çevriləcək.

XS
SM
MD
LG