Accessibility links

Amerika Rusiya ilə münasibətlərinin yeni erasını yaşayır



“Amerika Rusiya ilə münasibətlərinin yeni erasını yaşayır. Eyni vaxtda, biz Sovet İttifaqının sabiq respublikaları olan dövlətlərlə də əlaqələrimizi dərinləşdirməyi davam edirik. Amma uzun müddətli vərdişlərdən o qədər də asan yaxa qurtarmaq olmur”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Bakı Slavyan Universitetində “Amerika ilə Rusiya münasibətləri” mövzusunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Londonda keçirilən görüşlə Obama administrasiyası Birləşmiş Ştatlar və Rusiya münasibətlərinin irəliləyişi erasına başlayıb. “Birincisi, biz nüvə silahlarının sayını azalda bilərik. Strateji Silahların Azaldılması Sazişinin - START-ın - müddəti bu ilin sonunda başa çatır. Beləliklə, prezident Obamanın və prezident Medvedyevin gündəliyində ilkin məsələlərdən biri, bu sazişin yenidən imzalanması və silahların sayının azaldılmasıdır. Dünyada mövcud olan nüvə silahlarının doxsan beş faizi məhz Rusiyaya və Birləşmiş Ştatlara məxsusdur. Silahların sayının azaldılması sahəsində birgə işləyərək biz bütün dünyaya yaxşı nümunə nümayiş etdiririk. Biz dünyanı daha təhlükəsiz edirik. İkincisi, birgə işləyərək nüvə silahlarının yayılmasının qarşısını ala bilərik. Tərəfdaşlıq edərək Birləşmiş Ştatlar və Rusiya dünyanın üzləşdiyi ən çətin xarici siyasət çağırışlarının ünvanlanmasında mühüm etimad, istedad və enerji nümayiş etdirir. Xüsusilə biz İranın nüvə silahını əldə edə bilməməsində birgə marağı bölüşürük. Üçüncüsü, Əfqanistana dair birgə maraq bölüşürük. Həm Amerika Birləşmiş Ştatları, həm də Rusiya Əfqanıstanı sabit və tərəqqili dövlət kimi görmək istəyir. Əfqanıstanı terrorçuluğun idxalına qulluq edən platforma dövlət kimi görmək istəmirik.
Dördüncüsü, gündəliyimizdə bir sıra qlobal məsələlər mövcüddur. Məsələn, iqlimin dəyişməsi sahəsində daha çox əməkdaşlıq edə bilərik, terrorçuluğa qarşı mübarizədə birgə işləyə bilərik. Birgə işləyərək qlobal iqtisadi böhranın öhdəsindən gələ bilərik. Bütün bu sahələrdə bizim maraqlarımız üst-üstə düşür”.
Səfir eyni zamanda deyib ki, gündəliyin mövcud olması hələ Amerika və Rusiyanın bütün sahələr üzrə razılığı əldə edə biləcəyi demək deyil. Arada bir neçə real fikir ayrılığı və ciddi narahatlıqlar var. “Amerika Rusiyanın ötən ilin avqustunda Gürcüstanda həyata keçirdiyi fəaliyyətlərin və Rusiyanın Cənubi Osetiyanın və Abxaziyanın rejimlərini tanımasının əleyhinə çıxış etməyi davam edir. Biz Rusiyanı atəşkəs rejiminə hörmətlə yanaşmağa, bütün hərbi qüvvələri geriyə çəkməyə və humanitar yardımın Gürcüstanın bütün bölgələrinə çatdırılması üçün imkan yaratmağa çağırırıq. Biz Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Rusiyanın hərəkətləri beynəlxalq hüquqa tam zidd idi, dövlətlərin çoxu həm hərbi əməliyyatlara, həm də diplomatik tanınmaya qarşı çıxdı”.
O Amerikanın bir zamanlar Moskva tərəfindən idarə olunan bütün demokratik dövlətlərlə bağlı eyni siyasət yürütdüyünü diqqətə çatdırıb. “İnanırıq ki, Azərbaycandan Ukraynaya, Ermənistandan Moldovaya qədər bütün müstəqil və suvevren dövlətlər iyirmi birinci əsrdə öz yollarını seçməlidir. Nə Rusiyanın, nə Amerikanın, nə də başqa üçüncü dövlətin azad və müstəqil ölkəyə müxtəlif istiqamətləri diktə etməyə haqqı yoxdur”.
Xanım Dersinin qənaətincə, Azərbaycan və Qafqazdan Orta Asiyaya qədər olan qonşularının tarixini oxuduqda əsas xarakterlər xarici qüvvələrdir. Ruslar və Britaniya İmperiyası buranı nəzarətdə saxlamaq üçün həmişə rəqabət aparıb. “Hətta indi də xarici müxbirlər Rusiya, ABŞ və İranın rəqabət apardığı “Yeni Böyük Oyun” haqqında mülahizələr irəli sürməyi sevir. Heç bir “Yeni Böyük Oyun” yoxdur. Azərbaycanın və bu bölgənin bütün müstəqil və suveren dövlətlərin gələcəyi bir oyundan asılı ola bilməz. Siz gələcəyinizi özünüz müəyyən etməlisiniz, bunu nə Moskva, nə Vaşinqton, nə də bir başqası edə bilməz”.
Səfir bununla yanaşı, Azərbaycan bir ada sayılmasının, nə Amerika, nə Rusiyanın bura heç bir təsir göstərə bilməyəcəyinin də əleyhinədir. “İyirmi birinci əsrdə təsir ideyaların və mədəniyyətlərin gücündən gəlir. Ticarət, sərmayə, təhsil və əməkdaşlıq, bunlar təsir qüvvələridir. Rusiya və Azərbaycan qonşu dövlətlər kimi normal əlaqələrə malikdirlər. Həm də təbiidir ki, Azərbaycanın Rusiya ilə güclü və inkişaf edən iqtisadi, mədəni və diplomatik əlaqələri vardır”.
Xanım Dersi həmçinin, Azərbaycan öz maraqları dairəsində ABŞ, Avropa və dünyadakı bir çox ölkələrlə müəyyən əlaqələrə malik olduğunu da xatırladıb. “Azərbaycan bu gün iki min doqquzuncu ildə də İpək Yolunun üzərindədir. Qədim ticarət marşrutundan fərqli olaraq bu gün ki, İpək Yolu ticarət, texnologiya, mədəni mübadilə və yeni ideyalar yoludur. Dünya Azərbaycana, Azərbaycan isə bir çox istiqamətlərdə dünyaya açıla bilər və açılmalıdır”.
Onun fikrincə, ABŞ Azərbaycanla möhkəm strateji tərəfdaşlığa niyyətlidir. “Facebuk və ayfonlar dövründə biz bir-birimizə bağlıyıq, daha sıx bağlıyıq. Bizim Facebukdakı dostlarımız bizim qonşuluğumuzda yaşamaq məcburiyyətində deyil. Onlar Çikaqo, Moskva, Tokyo, İstanbul, Təbriz və Londonda yaşayır. Biz bu yolla gedirik və bu keçmişdəkindən daha yaxşıdır”.
O Ermənistan-Azərbaycan münaqişəsi və Türkiyə Ermənistan sərhədlərinin açılması ilə bağlı “Yol xəritəsi” barədə sualın cavabında bildirib ki, son dövrlərdəki olaylar bölgədə baş verən dəyişikliklərə bir işarədir. “ABŞ istəyir ki, baş verən dəyişikliklər Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir etsin. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza prezident Barak Obama və dövlət katibi Hillari Klintonun tapşırığı ilə münaqişənin həlli istiqamətində fəaliyyətini daha da intensivləşdirib. Amerikalı həmsədr son 6 həftədə 5 dəfə Azərbaycanda səfərdə olub. ABŞ hökuməti hesab edir ki, bölgədəki dəyişikliklər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bir imkandır”.
Səfir demokratiyanın təhlükəsizliyə təsiri ilə bağlı sualın cavabında bildirib ki, demokratiya özlüyündə təhlükəsizlik və sabitlik deməkdir. “Tarixdən də məlumdur ki, rejimlər müəyyən bir dövrdə dövlətləri qorxu ilə təsir altında saxlaya bilir və sonda rejimin özü darmadağın olur. Davamlı təhlükəsizlik, sabitlik demokratik seçkilər keçirilən və insan hüquqları qorunan ölkələrdə mümkündür. Demokratik seçkilər nəticəsində qurulan və insan haqlarına hörmətlə yanaşan hakimiyyətlər vətəndaşlar qarşısında məsuliyyət daşıyır”.
O, raket əleyhinə müdafiə sistemi ilə bağlı suala cavabda ABŞ, Rusiya və Avropanın Şimali Koreya və İrandan ola biləcək təhlükənin qarşısında qaldığını deyib. “ABŞ Raket Əleyhinə Sistemlə bağlı Rusiya ilə pozitiv dialoqa başlayıb. Bu dialoq zamanı Rusiya Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklif də irəli sürüb. Düşünmürəm ki, Çexiyada və Polşada qurulacaq raket əleyhinə sistemlər Qəbələ RLS-in fəaliyyətini yerinə yetirə bilsin. ABŞ hazırda raketdən müdafiə sistemi ilə bağlı məsələni yenidən nəzərdən keçirir. Digər amil isə, Qəbələ RLS Azərbaycana məxsusdur. Rusiya və ABŞ bu sistemdən istifadə etmək istəyərlərsə, Azərbaycan da mütləq danışıqlara cəlb edilməlidir”.
Səfirin dediyinə görə, ABŞ islam dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan yeni güclü münasibətlər qurmaq istəyir. “Müsəlman ölkələri ilə yeni münasibət zamanı Azərbaycan ABŞ-a çox böyük kömək edə bilər. Azərbaycan dünyəviliyə əsaslanan müsəlman ölkəsidir”.

XS
SM
MD
LG