Accessibility links

Azərbaycan əlli etalon alacaq   


Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin sədri Ramiz Həsənov ötən il ölkədə standartlaşdırma sahəsində struktur dəyişiklikləri aparıldığını və standartaşdırma institutu yaradıldığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Standartlar Təşkilatının tam hüquqlu üzvüdür və məhsulların Avropa standartlarına uyğunlaşdırılması üçün işlər aparılır. Cənab Həsənov hesab edir ki, hazırda istehsal olunan meyvə şirələri, qoz-fındıq, balıq və balıq məhsularına beynəlxalq standart tətbiq etmək olar. Onun sözlərinə görə, agentlik metrologiya sahəsinə dövlət nəzarətini həyata keçirir. Dövlət agentliyi həmçinin respublikaya idxal olunan bütün avadanlıqları sınaqdan keçirilərək, dövlət reyesterinə alır. Cənab Həsənov etalon mərkəzinin yaradılacağını da bildirib. Onun dediyinə görə, Azərbaycan 2012-ci ilə qədər 50 etalon almaq niyyətindədir və etalonlardan istifadə haqqı xarici ölkələrdəki qiymətlərdən 10 dəfə ucuz başa gələcək. Sədr ölkədə xammala nəzarət olmadığını bildirib. «Bundan başqa bizim mağazalardan məhsul götürüb keyfiyyətinə nəzarət etmək ixtiyarımız yoxdur. Bu işlərə bir qurum baxmalı olduğu halda, bir neçə nazirlik nəzarət edir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesində olduğunu nəzərə alaraq istehsal olunan və xarici bazarlara çıxarılacaq məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi vacibdir». Cənab Həsənov Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının Azərbaycanda Əqli Mülikyyət mərkəzi açacağını deyib. Onun fikrincə, bu sahədə ölkdə mütəxəsislərin sayı çox azdır. Sədr suallra cavabda Azərbaycan ərazisində satılan bəzi kolbasa məmulatlarına Qafqaz Müsəlmanları İdarəsi tərəfindən «Halal» zəmanət nişanının verilməsini qanunsuz sayır. Onun fikrincə, malın keyfiyyətinə nəzarəti dövlət agentilyi həyata keçirir.
XS
SM
MD
LG