Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 123-cü ildönümüdür. Hökumət səviyyəsində hər hansı tədbir keçirilməsə də müxalifətdə olan "Müsavat" və Klassik Xalq Cəbhəsi partiyalarının üzvləri Xalq Cümhuriyyətinin banisinin anadan olduğu Bakının Novxanı kəndində onun heykəli önündə anım mərasimi keçirib.
Məmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı Teyyub Qurban bildirib ki, bu gün bütün azərbaycanlıların bayramıdır. Onun fikrincə, Azərbaycan tarixində Məmməd Əmin Rəsulzadənin adı minilliklər boyu yaşayacaq. Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu Məmməd Əmin Rəsulzadənin 1918-ci ildə şərqdə ilk demokratik yolla seçilmiş Azərbaycan parlamentində dövlət bayrağını qaldırdığını yada salıb.
Deputat Pənah Hüseynin fikrincə, zaman-zaman Məmməd Əmin Rəsulzadə ideyasına xilaf çıxanlar cəmiyyət qarşısında nüfuzdan düşüb. «Müsavat" partiyasının başqanı İsa Qəmbər hakim rejimin hər vasitə ilə Məmməd Əmin Rəsulzadənin Azərbaycan tarixində oynadığı rolu azaltmağa çalışdığını bildirib. Onun fikrincə, hakimyyət muzeylər açıb, mərkəzlər tiksə belə Azərbaycan istiqlalının banisinin adını kölgədə qoya bilməz. Cənab Qəmbər hesab edir ki, Rəsulzadə ömrünün bütün çağlarında nümunədir. «Müsavat» başqanı iqtidarın milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə qarşı münasibətini də tənqid edib. O Əbülfəz Elçibəyin ailə üzvlərinin razılığı olmadan onun qəbirüstü abidəsinin qoyulması ilə bağlı hazırda yaranmış vəziyyətə diqqəti çəkib.