Accessibility links

Robin Sivord: «2006-cı il Azərbaycanda mətbuat üçün o qədər də xoşa gələn il olmayıb»


"2007-ci ilin ilk günlərində ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Xaraşti Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı fikrini bildirəcək. 2006-cı il mətbuat üçün o qədər də xoşa gələn il olmadı. Mətbuat nümayəndələrinə davamlı və çox sərt təzyiqlər oldu. Ümid edirəm ki, 2007-ci ildə bunlar aradan qaldırılacaq, fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin olunacaq. Toplaşma azadlığı və insan hüquqları ilə bağlı da 2006-cı ildə problemlər mövcud olub. Ümid edirik, növbəti ilə bunlar da aradan qaldırılacaq və insanların azad toplaşmaq hüququ bərpa ediləcək. Artıq ATƏT digər tərəfdaşları ilə birgə, toplaşma azadlığı ilə bağlı hüquq-mühafizə orqanalırında və daxili qoşunlarda təlimlər keçib. Bu təlimlər 2007-ci ildə də davam edəcək. Bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Robin Sivord Amerikanın səsi radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, ATƏT mətbuata və jurnalistlərə qarşı son təzyiqlərdən çox narahatdır. "Xüsusən 2006-cı ildə jurnalistlərə qarşı təzyiqlər daha da çoxalıb. Son iki-üç gündə jurnalistlərin döyülmə hallarını da nəzərə alsaq bütün bunlar ATƏT-i çox narahat edir. Ümid edirəm ki, heç olmasa 2007-ci ildə birinci dəfə olsa da hüquq-mühafizə orqanları jurnalistləri döyən şəxsləri tapıb cəzalandıracaq. Biz bununla bağlı fikrimizi bildirmişik, polisdən, digər hüquq-mühafizə, təhlükəsizlik orqanlarından bu sahədə səylərin artırılmasını tələb etmişik. Cinayətkarlar tutulmazsa və sonda heç bir cinayətkar cəzasına çatmazsa, bu nə Azərbaycanın, nə polisə olan ictimai etimadın, nə də KİV nümayəndələrinin marağına uyğun olmaz. Problemin həlli isə bütün maraqlara xidmət edər". O 2007-ci ildə ATƏT-in Azərbaycanda seçki qanunvericiliyi və mətbuat azadlığı sahəsində problemlərin həlli istiqaməıtində fəaliyyətini davam etdirəcəyini deyib. "2007-ci il ərzində ATƏT siyasi partiyalar arasında dialoqun aparılmasına can atacağıq və sonda siyasi partiyalar arasında barışığa nail olacağımıza ümid edirik. 2007-ci ildə həmçinin "Seçki Məcəlləsi" ilə bağlı müzakirələr aparacağıq və əsas fikri ATƏT-in tövsiyələrində əksini tapmış dəyişikliklər üzərində cəmləşdirəcəyik". O "Azadlıq" qəzetinin həbs edilmiş satirik yazarı Mirzə Sakitin apellyasiya şikayətinə baxılması ilə bağlı sualın cavabında, Apellyasiya Məhkəməsinin onun 3 il azadlıqdan məhrum etmə barədə hökmü qüvvədə saxlamasına təəssüfünü bildirib. "Çox təəssüf ki, bu baş verdi. ATƏT-in Bakı ofisi məhkəmə proseslərini uzun müddətdir müşahidə edir. Bu proseslərlə bağlı narahatlığımızı bildirmişik və problem həllini tapanadək narahatlıqlarımızı davam etdirəcəyik. İctimaiyyətin müdafiə olunmaq hüququ var. Eyni zamanda, jurnalistlər də öz fəaliyyətlərini peşəkar yerinə yetirməlidir. Ona görə də qanunlarda da jurnalistlərin hüquqlarının qorunması əks olunmalıdır".
XS
SM
MD
LG