Accessibility links

Azərbaycanda İran İslam İnqilabının Mühafizə Korpusu - "SEPAH"la məxfi əməkdaşlıq edən dəstə zərərsizləşdirilib


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ölkənin milli maraqları və mənafeləri əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə qarşı müntəzəm həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar birlik yaradıb dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyi planlaşdıran, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici ölkəyə kömək göstərməklə dövlətə xəyanət etmiş bir qrup şəxs bu ilin əvvəlində ifşa olunaraq zərərsizləşdirib. Belə ki, Bakı şəhər sakinləri Səid Dadaş-bəyli, Ceyhun Əliyev, Cahangir Kərimov, Mikayıl İdrisov, Rasim Kərimov, Rəşad Əliyev, Rəşad İsmayılov, Faiq İsmayılov, Mübariz Süleymanov, Fərid Ağayev, Emil Möhbalıyev, Zaur Orucov, Samir Qocayev, Fətulla Bəbirov və Bəybala Quliyev cinayətkar birlik yaratma, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq, qanunsuz olaraq odlu silah və narkotik vasitə əldə etmə, saxlama, daşıma və digər cinayətləri törətdiklərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində həbs qətimkan tədbiri seçilib. Bu barədə MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb. Xəbərə görə, müəyyən edilib ki, Bakıda yerləşən "Azeri M-İ Drillinq Fluids" ABŞ-Azərbaycan birgə müəssisəsində təchizat üzrə koordinator işləyən Səid Dadaşbəyli dini ekstremizm ideyalarını rəhbər tutaraq, Azərbaycanda hakimiyyəti zorla ələ keçirib dünyəvi dövlət quruluşunu dəyişdirməyi və şəriət qanunları ilə idarə olunan hakimiyyət qurmağı qarşısına məqsəd qoyub. O, bunun üçün həmfikirlərilə əlbir olub "North İmam Mehty Army" ("İmam Mehdinin Şimal Ordusu") ingilis sözlərinin baş hərflərindən ibarət "NİMA" adlı, konspirasiya üsullarından istifadə edən, özünün tabeçilik və idarəçilik strukturuna malik dini-ekstremist və cinayətkar yönümlü gizli təşkilat yaradıb. "Səid Dadaşbəyli öz dini biliklərinin səthi olduğunu gizlətmək, əvvəlcədən dini-fəlsəfi mövzularda mümkün diskussiyalardan yayınmaq üçün guya "ona Allah tərəfindən mələklər vasitəsi ilə vəhy gəldiyini" bildirmiş və özünü lider kimi tanıtdırıb beyət etdirməklə sərt tabeçilik iyerarxiyası qurub. S. Dadaşbəyli özünü həmin təşkilatın "Əmiri", yəni rəhbəri elan edib, ona ən yaxın üzvləri "1-ci liqa", digərlərini isə "2-ci liqa" üzrə bölərək ətrafında birləşdirib. Təşkilatın fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsi üçün S.Dadaşbəyli toplanan üzvlük haqlarından və ianələrdən ibarət, eləcə də üzvlərin kommersiya fəaliyyətindən əldə etdikləri qazancın da 10-15 %-ni məcburi qaydada ödəməli olduqları xüsusi maliyyə fondu yaradıb». İctimaiyyətlə əlaqələr mərkəzi bildirir ki, S.Dadaşbəyli hakimiyyət orqanlarının zorla ələ keçirilməsi üçün bu və ya digər ağır cinayətlərin törədilməsi məqsədilə təşkilat üzvlərinin müvafiq hərbi təlimlər və xüsusi fiziki hazırlıq keçmələrinin zəruriliyini nəzərə alaraq, fondun hesabına onların Günəşli qəsəbəsində yerləşən Qarabağ Veteranları Cəmiyyətində və Azərbaycan DİN-in güllə atıcılığı tirində hərbi, habelə bu qurumun İdman Cəmiyyətində fiziki hazırlıq məşqləri keçmələrini təşkil edib. Xəbərə görə, S.Dadaşbəylinin razılığı ilə təşkilatın üzvləri İranın xüsusi xidmət orqanı olan İran İslam İnqilabının Mühafizə Korpusu - "SEPAH" ilə məxfi əməkdaşlıq etməyə başlayıb. "Belə ki, 2005-2006-cı illərdə, müxtəlif vaxtlarda Ceyhun Əliyev və Cahangir Kərimov İranın Qum, Tehran, Rəşt və Məşhəd şəhərlərinə səfər edib, burada həmin ölkənin xüsusi xidmət orqanının konkret əməkdaşları ilə tanış olub, onların ABŞ, İsrail və digər Qərb dövlətlərinə qarşı, habelə Azərbaycanın Qərbə inteqrasiyadan çəkindirilməsi və şəriət qanunları ilə idarə olunan rejimin qurulması istiqamətində mübarizə aparılmasının zəruriliyi barədə fikirləri ilə həmrəyliklərini bildirib. Təklifləri qəbul edən Ceyhun Əliyev və Cahangir Kərimov xarici xüsusi xidmət orqanının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib, bu barədə yazılı iltizam alınaraq, onlara "Mustafa" və "Həsən" təxəllüsləri verilib. Bundan sonra Ceyhun Əliyevə və Cahangir Kərimova İranda topoqrafik xəritələrdən, kiçik və iri çaplı silahlardan, partlayıcı qurğulardan istifadə, onların konkret obyektlərə yerləşdirilməsi qaydaları, həmçinin məxfi müşahidə aparmaq və müşahidədən yayınmaq üsulları üzrə nəzəri və praktiki təlimlər keçilib. Həmçinin, onlara Bakıda fəaliyyət göstərən ABŞ, İsrail və digər dövlətlərin səfirlikləri, rəsmi nümayəndəlikləri, iqtisadi obyektləri və vətəndaşları, eləcə də "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin Azərbaycanda keçdiyi ərazilər, basdırıldığı yerlərin dərinliyi, borunun qalınlığı, mühafizə sistemi barədə məlumat toplamaq tapşırığı verilib. Ceyhun Əliyevin və Cahangir Kərimovun belə məlumatları toplayıb ötürəcəkləri təqdirdə həm özlərinə və həm də təşkilatlarına hər vasitə ilə yardım göstəriləcəyi barədə xarici xüsusi xidmət orqanının əməkdaşları tərəfindən vədlər ediliib". MTN bildirir ki, tapşırığın icrası üçün Səid Dadaşbəyli, Ceyhun Əliyev və təşkilatın digər üzvü Rasim Kərimov ABŞ, İngiltərə və İsrailin Azərbaycanda müxtəlif fəaliyyət sahələrinə dair ümumilikdə 150-dən artıq məlumat toplayıb və materialları İran xüsusi xidmət orqanına çatdırıb. Ceyhun Əliyevə və Cahangir Kərimova həmin xüsusi xidmət orqanının əməkdaşları tərəfindən ümumilikdə 10 min 300 ABŞ dolları məbləğində pul verilərək müvafiq qəbzlər alınıb. "Xüsusi xidmət orqanının əməkdaşları növbəti dəfə C. Kərimovu İrana dəvət edərkən, sonuncu "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinə dair verilmiş tapşırığın icrası ilə bağlı səfər ərəfəsində məlumat toplamağa çalışmış, bu barədə Ceyhun Əliyevdən kömək istəmiş, o, da təşkilatın digər üzvü, "McDermott" neft şirkətində işləyən Samir Qocayevə müraciət etməsini məsləhət görüb. C. Kərimov bu barədə Samir Qocayevlə razılaşıb, lakin vaxt məhdudluğundan sonuncu göstərilənlər barədə məlumat toplaya bilməyib. Tapşırıq icra olunmadığı üçün bu ölkənin xüsusi xidmət orqanının əməkdaşları Cahangir Kərimova öz iradlarını bildirib, yenidən boru kəməri ilə bağlı məlumatların əldə edilməsi göstərişini verib. C.Kərimov Azərbaycana qayıtdıqdan bir neçə gün sonra həmin xüsusi xidmət orqanının əməkdaşları ona fotoaparat almaq üçün hazırda şəxsiyyəti istintaqla müəyyənləşdirilən bir nəfər vasitəsilə 1000 ABŞ dolları göndərib. C.Kərimov bu barədə Səid Dadaşbəyliyə xəbər verərək tapşırığın icrasına köməklik göstərməsini xahiş edib, o isə məlumatların toplanılmasını eyni zamanda C.Əliyevə də tapşırıb". Bundan başqa, qanunsuz fəaliyyətinin maliyyələşdirilməsi üçün S.Dadaşbəyli təşkilat üzvlərini digər ağır və xüsusilə ağır cinayətlər törətməkdən belə çəkinməmək, imkanlı şəxsləri müəyyənləşdirmək göstərişi verib, təşkilatın strukturunda Rəşad Əliyev, Ceyhun Əliyev, Cahangir Kərimov və Fərid Ağayevdən ibarət kriminal qrup yaradıb. "Belə ki, S.Dadaşbəyli vaxtilə 65 min ABŞ dolları məbləğində pul uduzduğu Bakı şəhərində yerləşən "Forex.Az" MMC birjasının külli miqdarda vəsaitə malik olduğu qənaətinə gələrək, bunu ələ keçirmək üçün R.Əliyevə, C.Əliyevə, C.Kərimova, F.Ağayevə hazırlıq işlərinin aparılmasını, firmanın iş rejimi, mühafizə sisteminin, direktoru və tədris departamentinin müdirinin hərəkət marşrutlarının və həyat tərzlərinin öyrənilməsini tapşırıb. Bundan başqa, Bakı şəhərində yerləşən "Abşeron Co." MMC-nin ofisində olan ehtimal etdikləri külli miqdarda, yəni 90 min ABŞ dollarını soyğunçuluq yolu ilə ələ keçirməyi planlaşdırılıb. Bununla yanaşı, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin binasından mütəmadi olaraq külli miqdarda vəsaitlə çıxan qadına da basqın edib pulları ələ keçirmək qərarına gəlinib". Məlumatda deyilir ki, 2006-cı il yanvarın 15-də təşkilatın üzvləri və digərləri MTN tərəfindən keçirilən tədbirlər nəticəsində həbs edildiklərindən, onlar sadalanan cinayətkar niyyətlərini həyata keçirə bilməyib. "Eyni zamanda, müəyyən edilib ki, R.Əliyev S.Dadaşbəyli ilə danışaraq, təşkilatlarının maliyyələşdirilməsi məqsədilə Rusiyanın Dağıstan Respublikasından külli miqdarda saxta xarici valyutanı Azərbaycana gətirib, Bakı şəhərində həmin əskinasları realizə etmək barədə razılaşıb. Rəşad Əliyev Dağıstan Respublikasının Mahaçqala şəhərinə getmiş, şəxsiyyəti istintaqla araşdırılan Süleyman adlı bir nəfərlə saxta ABŞ dolları əskinasları əldə etmək barədə sövdələşib. Onlar 2007-ci ilin yanvarında Dağıstanda əldə etdikləri 100 min məbləğində saxta ABŞ dolları əskinaslarını avtomaşının arxa oturacağının içərisində gizlədərək Bakı şəhərinə gətirib. Rəşad İsmayılov Mübariz Süleymanova 12 ədəd, qardaşı Faiq İsmayılova isə 10 ədəd saxta 100-lük ABŞ dolları verib. Faiq İsmayılov həmin 10 ədəd saxta əskinasları realizə edib, əldə olunmuş əsl 700 ABŞ dollarını xərcləyib". MTN keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan şəxslərin mənzillərinə baxış zamanı 2 ədəd "AKM" tipli avtomat, 1 ədəd tapança, 11 ədəd əl qumbarası, xeyli sayda döyüş sursatı və ləvazimatı, soyuq silah, habelə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Həmçinin, cari il yanvarın 12-də R.İsmayılovun yaşadığı mənzilə baxış zamanı 964 ədəd saxta 100-lük ABŞ dolları, həmin vaxt orada olan Mübariz Süleymanovun üstündən isə 12 ədəd saxta 100-lük ABŞ dolları aşkar edilərək götürülüb. Mərkəzin məlumatında deyilir ki, Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin 10 dekabr 2007-ci il tarixli hökmü ilə Səid Dadaşbəyəli, Ceyhun Əliyev, Cahangir Kərimov, Rəşad Əliyev, Mikayıl İdrisov, Fərid Ağayev, Emil Möhbalıyev, Samir Qocayev, Rasim Kərimov, Bəybala Quliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz Süleymanov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Öz növbəsində, vəkil Elçin Qəmbərov «Amerikanın səsi» radiosuna ittihamların məhkəmədə sübuta yetirilmədiyini bildirib. Onun sözlərinə görə, istintaqın beynəlxalq məna kəsb etdiyindən Milli Təhlükəsizlik nazirliyi məhkəmədən sonra məlumat yayıb.
XS
SM
MD
LG