Accessibility links

«Sərhədsiz Reportyorlar» təşkilatı «Azadlıq» qəzetinin müxbirinə qarşı fiziki zorakılığı pisləyir


Mərkəzi qərargahı Parisdə yerləşən "Sərhədsiz reportyorlar" təşkilatı dekabrın 25-də "Azadlıq" qəzetinin müxbiri Nicat Hüseynova qarşı fiziki zorakılığı pisləyən bəyanatla çıxış edib. Sənəddə deyilir ki, "Azadlıq" qəzetinin əməkdaşı işə gedərkən dörd nəfər naməlum şəxsin hücumuna məruz qalıb.

Buna qədər isə o anonim zənglərlə hədələnib və ondan "pis məqalələr" yazmamaq tələb edilib. «Azərbaycanda jurnalistlər və onların yazdıqları şəxslər arasında münasibətlər tez-tez zorakılıqla nəticələnir. 2006-cı ildə digər iki jurnalist - Bahəddin Həziyev və Fikrət Hüseynlini öldürmək cəhdləri olub. "Monitor" jurnalının redaktoru Elmar Hüseynov isə 2005-ci ildə öz evinin qarşısında güllələnib". «Sərhədsiz Reportyorlar» təşkilatının fikrincə, Nicat Hüseynovun gündüz vaxtı hücuma məruz qalması və hücum edənlərin sifətlərini gizlətməməsi cinayətkarların öz hərəkətlərinə görə cəzasızlıq hiss etdiklərini nümayiş etdirir. «Biz prezident İlham Əliyevi bütün bunlara son qoymağa çağırırıq. Mətbuatın daimi fiziki zorakılıq təhlükəsi altında yaşadığı ölkədə demokratiya ola bilməz", - deyə bəyanatda qeyd edilir. "Sərhədsiz reportyorlar" həmçinin bu cinayətin istintaqının aparılmasına təəccüb edir. «Belə ki, faktla əlaqədar istintaq aparan polis bölməsinin təmsilçisi dekabrın 27-də bildirib ki, jurnalistə edilən hücumun şahidləri yoxdur. Bundan əlavə, polis müstəntiqləri hücum edənlərin təpik izlərinin və bıçaq kəsiyi izinin qaldığı zərərçəkmişin qış gödəkçəsini ekspertiza üçün götürməyib».

Yeri gəlmişkən bildirim ki, bu gün Nicat Dağların səhhəti kəskin pisləşib. Onunla gün ərzində dəfələrlə əlaqə saxlamağa çalışsam da həyat yoldaşı jurnalistin güclü ağrıkəsici dərmanlar qəbul etdiyindən danışmaq iqtidarında olmadığını bildirib. «Reportyorların Azadlığı və Təhlükəsizliyi» instititunun rəhbəri Emin Hüseyn «Amerikanın səsi» radiosuna fiziki zorakılıq nəticəsində Nicat Dağların ağır kəllə-beyin travması aldığını bildirib. Cənab Hüseyn ötən il oğurlanaraq fiziki zorakılığıa məruz qalmış «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev və «Azadlıq» qəzetinin müxbiri Fikrət Hüseynli ilə bağlı istintaq işlərində də irəliləyişin olmadığını bildirib. O «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun istintaq işlərinin gedişi ilə bağlı isə ictimaiyyətə hər hansı məlumat verilmədiyini deyib.

XS
SM
MD
LG