Accessibility links

Azərbaycanda 2007-ci ilin siyasi yekunları


2007-ci il də arxada qalmaqdadır. Bir neçə gündən sonra ölkədə prezident seçkiləri ili başlayacaq. Yeni büdcə ilində hökumət vətəndaşlara daha çox firəvanlıq, ictimai-siyasi sabitliyin daha da möhkəmlənəcəyini, kriminogen durumun yaxşılaşacağını, bir sözlə liberal islahatların davam edəcəyini vəd edir. Bunun müqabilində, müxalifət 2007-ci ilin yekunlarını birmənalı mənfi, 2008-ci ili isə daha gərgin il kimi xarakterizə edir. Müstəqil ekspertlər isə daha fərqli düşünür. Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün öncə Əli-Bayramlı şəhərində ictimaiyyət qarşısındakı çıxışında 2007-ci ilin yekunlarının uğurlu adlandırıb. Onun fikrincə, iqtisadi-sosial sahədə ciddi irəliləyişlər qeydə alınıb, əhalinin gəlirləri sürətlə artmaqdadır. Dövlət başçısı 2007-ci ildə Azərbaycanın bölgədə və dünyada mövqelərinin daha da möhkəmləndiyini bildirib. Onun sözlərinə görə, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib və Azərbaycanın Avropanın qaz təminatında rolu artıb. Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişi başlayıb. Dəmiryolunun istifadəyə verilməsi isə böyük bir regionda Azərbaycanını rolunun artmasına səbəb olacaq. Müxalifətdə olan «Müsavat» partiyasının başqanı İsa Qəmbər isə 2007-ci ilin siyasi yekunlarını müsbət qarşılamır. Onun fikrincə, siyasi azadlıqları məhdudlaşdırılır, demokratiya sahəsində geriləmələr baş verir. İl ərzində avtoritar hakimiyyətin güclənməsi, Heydər Əliyevə heykəllərin qoyulması, İlham Əliyevə mədhiyyələrin yazılması prosesi davam edib. Cənab Qəmbərin fikrincə, rejimin çökməsi prosesi də sürətlənib. «Müsavat» başqanı hesab edir ki, mövcud rejimin beynəlxalq aləmdə ifşası prosesi il ərzində davam edib. Bununla yanaşı, o müxalifətin uğurlarının olmadığını və cəmiyyətin rejimə qarşı müqavimət gücünün artmadığını da etiraf edib. Cənab Qəmbər qarşıdan gələn 2008-ci ilin həm Azərbaycan, həm də bölgə üçün gərgin il olacağını düşünür. Müstəqil siyasi şərhçi Zəfər Quliyev hesab edir ki, ilin yekunları nə bir mənalı müsbət, nə də mənfidir. Müsbət irəliləyişlər də var, geriləmələr də qeydə alınıb. Ekspertin qənaətincə, mövcud tendensiya 2008-ci ildə də davam edəcək. İqtisadi inkişaf artacaq, demokratiya sahəsində geriləmələr qeydə alınacaq.
XS
SM
MD
LG