Accessibility links

Beş min azərbaycanlı xaricdə təhsil alacaq 



Təhsil naziri Misir Mərdanov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının” yerinə yetirilmə vəziyyəti ilə bağlı mətbuat konfransı keçirib. Dövlət proqramına uyğun olaraq, 2015-ci ilədək xarici universitetlərdə təhsil alanların sayı 5000 nəfərə çatdırılacaq.
Nazir bu proqramla hazırda dünyanın 17 ölkəsinin yüksək reytinqli 81 ali məktəbində 186 azərbaycanlı gəncin təhsil aldığını bildirib. İki tədris ilində 186 gəncin xaricdə təhsilinə 3,5 milyon manat xərclənib. 2009-cu ildə isə daha 200 gənc təhsil almaq üçün xarici universitetlərə göndəriləcək. Cənab Mərdanovun dediyinə görə, xarici ölkələrin ali məktəblərində ixtisas biliklərinə malik olan Azərbaycan vətəndaşları təhsil ala bilər.
Nazir eyni zamanda, xaricdə təhsil proqramında ABŞ, Almaniya və Fransa ilə imzalanmış sənədlərə uyğun olaraq müsabiqədən keçmiş şəxslərin iştirak etdiyini deyib. Onun dediyinə görə, hazırda Böyük Britaniya ilə də danışıqlar aparılır.
Cənab Mərdanov ilk öncə ölkənin hansı ixtisaslara ehtiyacı olduğunun öyrənildiyini və sonra buna uyqun xarici ali təhsil müəssisələrinin seçildiyini deyib. Azərbaycan yalnız ABŞ və qərb universitetlərini deyil, həm də digər ölkələrin aparıcı universitetlərini seçir. Onun dediyinə görə, ixtisaslar da müxtəlifdir.
O, eyni zamanda, Təhsil Nazirliyinin xaricdə təhsil alan gənclərin işlə təmin edilməsi ilə bağlı proqram hazırladığını deyib.
Təhsil məsələləri üzrə müstəqil ekspert Asif Cahangirov tanınmış xarici universitetlərdə azərbaycanlı gənclərin təhsil almasını demokratiya yolunda mühüm islahatın başlanması kimi dəyərləndirir. Onun fikrincə, Azərbaycanın strateji inkişafına xidmət edəcək ixtisaslar üzrə mütəxəssislərin hazırlanması həm də demokratiyanın inkişafına təkan verəcək.
Ekspert xaricdə təhsil alan tələbələrin seçiminin tam şəffaf aparılmasını vacib sayır. Onun fikrincə, xaricdə təhsil alan tələbələr, onların valideynlərinin kimliyi barədə təhsil nazirliyinin saytında məlumatların yerləşdirilməsi müsbət addımdır.
Hazırda ümumilikdə xarici universitetlərdə 4 mindən çox azərbaycanlı gənc təhsil alır. Onlardan bir hissəsi dövlət, digər hissəsi öz hesabına təhsil alır. Yalnız, Türkiyə universitetlərində 2 mindən artıq azərbaycanlı tələbə var. Dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində ümumilikdə 1000-ə yaxın azərbaycanlı tələbə təhsilini davam etdirir. Onların 700 nəfəri Türkiyədə, 180 nəfəri Rusiyada, 50 nəfəri Misirdə, 20 nəfəri Çində, qalanları isə hər ölkədə bir neçə nəfər olmaqla Çexiya, Slovakiya, Rumıniya, Cənubi Koreya, Yaponiya və Malayziyada təhsil alır.
Azərbaycan universitetlərində təhsil alan xarici ölkələrdən olan tələbələrinin sayı isə 7 min nəfərdən çoxdur. Onlar 50 ölkədən gəlib.

XS
SM
MD
LG