Accessibility links

Azərbaycanda kəskin soyuqlar düşüb


Dünəndən başlayaraq Azərbaycan ərazisində havalar kəskin dəyişib. Ölkənin hər yerində qar yağır və güclü şimal küləyi hava şəraitini bir qədər də çətinləşdirir. Hidrometeoroloqlar soyuq hava şəraitinin yanvarın 28-dək davam edəcəyini bildirir. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosundan Amerikanın səsi radiosuna bildiriblər ki, qar yağıntısı daha da intensivləşəcək. Şimal-qərb küləyi güclənəcək və arabir saniyədə 20-25 metrə çatacaq. Hidrometeoroloji proqnozlar bürosunun baş mühəndisi İmran Məmmədov. Onun sözlərinə görə, yanvarın 26-da havalar bir qədər istiləşsə də sonra yenidən soyuyacaq.

Hidrometeroloqların məlumatına görə, Bakıda və Abşeron yarımadasında temperatur -6 dərəcəyədək enəcək. Bu, son 30 ildə yanvar ayında Bakıda ən aşağı temperaturdur və hazırda Bakıda havanın hərarəti -2 -3 dərəcə təşkil edir. Azərbaycanın şimal ərazitlərində temperatur -15 -20 dərəcəyədək enəcək. Naxçıvanda qar örtüyünün qalınlığı 30 sm., Böyük Qafqazda 20 sm.-dir. Lakin növbəti günlərdə qar örtüyü daha da qalınlaşacaq. Kəskin hava şəraiti ölkənin magistral avtomobil yollarında vəziyyəti çətinləşdirib. Yollar işləyir, ancaq avtomobillərin sayı kəskin azalıb. Azərbaycan DİN Baş Dövlət Yol Polisi İdarəsinin məsul növbətçisi Zöhrab Sadıqov Amerikanın səsi radiosuna bunları deyib. Onun sözlərinə görə, magistrallarda yol idarələri ilə Dövlət Yol Polisi əməkdaşları birgə çalışır, nəqliyyatın hərəkəti çətin olan hissələrə qum və duz səpilir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçisi Ramiz Əzizov isə paytaxt yollarında vəziyytətin acınacaqlı olduğunu bildirib. Onun sözlərinə görə, nəqliyyat vasitələrinin hərəkət sürəti çox aşağıdır və yollarda çoxcaylı tıxaclar yaranıb. Havaların qarlı-boranlı olması hava limanlarına təsir etməyib. Ölkənin bütün hava limanları normal rejimdə işləyir. «Azal» Dövlət Hava Yolları Şirkətinin məlumat bürosunun növbətçisi Esmira Əliyevanın sözlərinə görə, gün ərzində bütün istiqamətlərdə təyyarələr uçub.

XS
SM
MD
LG