Accessibility links

Azərbaycanda söz və mətbuat azadlığı ciddi problemə çevrilir


Almaniyanın «Azadlıq Naminə» Fridrix Nauman Fondu və Azərbaycan Jurnalistlər Birliyi «Azərbaycanda söz və mətbuat azadlığı: mövcud durum və çıxış yolları» mövzusunda seminar keçirib. Fridrix Nauman Fondunun Azərbaycan üzrə müşaviri Ərəstun Oruclu bildirib ki, söz və mətbuat azadlığı məsələsi artıq bütün cəmiyyətin probleminə çevrilib. Onun sözlərinə görə, azad mətbuata təzyiqlərə cəmiyyətin zəif reaksiyası da narahatlıq doğuran məsələdir. Cənab Oruclu hesab edir ki, məmurlar və hökumət tərəfindən himayə edilən mətbuat orqanları başqalarına qarşı təhqiramiz yazılar dərc etməsinə baxmayaraq məhkəmələrə çəkilmir. Müstəqil mətbuat korrupsiya ilə bağlı yazı belə dərc edəndə işgüzar nüfuza zərbə ittihamı ilə suçlu bilinir. «Media Hüquqları» institutunun direktoru Rəşid Hacılı problemin həllini ilk öncə vətəndaş cəmiyyətinin gücləndirilməsində və liberal iqtisadiyyatın qurulmasında görür. «Jurnalistlər Birliyi»nin sədri Elçin Şıxlının fikrincə isə mətbuatın problemlərinin həlli üçün hökumət-mətbuat münasibətləri liberallaşmalı, reklam məsələləri nizamlanmalıdır.
XS
SM
MD
LG