Accessibility links

ABŞ Sülh Korpusunun 51 könüllüsü Azərbaycanda fəaliyyətə başlayıb


Bu gün Azərbaycanda ABŞ-ın Sülh Korpusunun 51 nəfərlik yeni beşinci qrupu and içərək fəaliyyətə başlayıb. Ölkənin ikinci sənaye şəhəri Sumqayıtda keçirilən andiçmə mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi, təhsil, iqtisadi inkişaf, gənclər və turizm nazirliyinin məsul əməkdaşları iştirak edib.

Sülh Korpusunun Azərbaycan üzrə direktoru Zoltan Sziqet (Zoltan Szigethy) bildirib ki, bu il Sülh Korpusunun könüllüləri ilk dəfə olaraq gənclər siyasəti sahəsində də təlimlər keçəcək. «Azərbaycana gəlmiş 51 könüllünün 25 nəfəri ingilis dili dərsələri keçəcək. 12 könüllü biznes və iqtisadi inkişaf məsələləri, 14 könüllü isə gənclər siyasəti sahəsində məşğul olacaq. Könüllülər iki il ərzində Azərbaycanın müxtəlif rayonlarında ailələrdə yaşayacaq və yerli əhali ilə eyni sosial vəziyyətdə olacaq».

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi deyib ki, könüllülər Azərbaycan və ABŞ əlaqəlrinin inkişafında, iki ölkənin mədəniyyətinin təbliğində mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, Sülh Korpusunun qarşısında duran əsas vəzifələrdən biri də insanlar arasında dostluq və qarşılıqlı rəğbət yaratmaqdır.

Könüllü Vilson Bonienin isə 11 həftəlik təlimlərdən sonra Azərbaycan dilindəki çıxışı insanların alqışı ilə qarşılanıb. O nitqini Azərbaycan atalar sözləri və aforizmləri üzərində qurub.

Tədbirdən sonra ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi «Amerikanın səsi» radiosunun Qəbələ RLS-lə bağlı sualına da cavab verib. Səfir Bakıda yaxın günlərdə üçtərəfli məsləhətləşmələrin davam etdirilcəyini bildirib. «Qəbələ RLS-dən müştərək istifadə ilə bağlı Bakıda aparılıcaq məsləhətləşmələrin vaxtı çox yaxın günlərdə müəyyənləşdiriləcək. Mənə elə gəlir ki, bəlkə də bu gün Azərbaycan, Rusiya və ABŞ-ı qane edəcək vaxt müəyyən olunsun. ABŞ üçün xoşdur ki, müştərək istifadə ilə bağlı təklifi Rusiya edib və hazırda müzakirələr davam etdirilir. Danışıqlar nəticəsində ola bilər ki, Qəbələ RLS-dən müştərək istifadə olunsun»-deyə xanım Dersi qeyd edib.

XS
SM
MD
LG