Accessibility links

Azərbaycan Əfqanıstanda mina təmizləmə agentliyinin təşkilində iştirak edir  


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və BMT-nin İnkişaf Proqramı “Azərbaycanda Minalarla Mübarizə üzrə Potensialın daha da Gücləndirilməsi” layihəsinin üçüncü mərhələsinin başlanması üzrə sənədin imzalanma mərasimi olub.
Birgə layihənin əsas məqsədi 2009-2011-ci illərdə ANAMA-ya texniki dəstək, məsləhət, əlaqələndirmə və inkişaf üçün yardımın göstərilməsidir. BMT İP mina, partlamamış sursatlardan təmizləmə əməliyyatlarının səmərəli həyata keçirilməsi üçün potensialın gücləndirilməsi və genişləndirilməsi, mina təhlükəsizliyinə dair maarifləndirmə, minadan zərərçəkənlərə yardım, beynəlxalaq əməkdaşlıq və mina probleminə məruz qalmış ölkələrə yardım göstərməkdə ANAMA-ya dəstək verəcək. Layihənin ümumi dəyəri 6 milyon 600 min dollardır. Vəsaitin 6 milyonunu Azərbaycan hökuməti, 600 min dollarını isə BMT-nin İP ödəyəcək.
ANAMA-nın direktoru Nazim İsmayılov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, proqram ANAMA-nın Minalarla Mübarizə üzrə Beynəlxalq Mərkəzə çevrilməsini də nəzərdə tutur. Onun fikrincə, agentliyin hazırkı potensialı beynəlxalq təlimlərin keçirilməsinə, təlimçilərin hazırlanmasına imkan verir. “ANAMA Əfqanıstanda və Gürcüstanda minaların axtarılması üzrə agentliklərin yaradılmasına kömək edəcək. Artıq Azərbaycan hökuməti donor qismində çıxış edərək, bu il Əfqanıstan mina axtaranlar agentliyinin direktoru da daxil olmaqla, 10 mütəxəssisə 6 ay ərzində treninqlər keçəcək, bundan sonra isə ANAMA-nın 8 mütəxəssisi Əfqanıstanda agentliyin infrastrukturunun təşkili, mina axtarılması işlərinin təşkilinə kömək üçün 6 ay bu ölkəyə ezam olunacaq. Eyni zamanda, Azərbaycanın donorluğu ilə Gürcüstandan olan mütəxəssislərə treninqlər təşkil ediləcək. Bununla yanaşı, Tacikistandan olan mütəxəssislər də Azərbaycanda treninqlər keçəcək”.
BMT-nin Azərbaycandakı rezident nümayəndəsi Bruno Pouzeat ANAMA-nın işini yüksək qiymətləndirib. Onun sözlərinə görə, dünyada 80 ərazidə mina və partlamamış sursat təhlükəsi var. “Azərbaycanda hər kvadrat metr ərazinin təmizlənməsi digər ölkələrlə müqayisədə üç dəfə ucuz başa gəlir. Azərbaycan dünyanın digər ölkələri üçün həm təcrübə, həm mina təmizlənməsi işlərinin təşkili baxımından nümunədir. İnanırıq ki, bu ölkədə mina ilə mübarizə sahəsində beynəlxalq səviyyədə səmərəli təlimlər keçiriləcək”.
BMT İP və ANAMA arasında əməkdaşlıq 1999-cu ildən Azərbaycanda Minalarla Mübarizə üzrə Proqramın birinci mərhələsində başlayıb.
Hazırda ANAMA-nın 500 nəfərlik işçi heyəti var. Agentliyin iki regional ofisi (Füzuli və Göy-Göl rayonlarında), üç əməliyyat mərkəzi, 139 nəfərlik üç mina axtaran və tədqiqat qrupu, 19 nəfərlik Çevik Əməliyyat Qrupu, 78 nəfərlik Partlamamış Hərbi Sursat Qrupu, 6 mexaniki mina təmizləyən maşını və 32 mina axtaran iti var. ANAMA 1998-ci ildən indiyədək 100 kv. km-dən çox ərazini minalardan təmizləyib. 2009-cu ildə isə 30 kv.km ərazinin təmizlənməsi nəzərdə tutulur.
Cənab İsmayılov eyni zamanda bildirib ki, ümumi qiymətləndirmələrə görə, Azərbaycanın hazırda işğal altında olan ərazilərində 136 kv. km minalanmış ərazi var. Həmin ərazidə 50 mindən 100 minədək mina basdırılıb. “Minalar əsasən Dağlıq Qarabağın ətrafında olan yeddi rayonun ərazisindədir. Bu ərazilərin minalardan təmizlənməsi üçün 12 illik strateji plan tərtib edilib. Hazırkı qiymətləndirməyə əsasən, təmizlənmə işlərinə 600 milyon dollaradək vəsait tələb olunur”.
O təmizləmə işləri başlayan zaman beynəlxalq donorlara müraciət ediləcəyini deyib.
Agentliyin direktoru eyni zamanda Saloğlu sursat anbarında təmizləmə işləri barədə də məlumat verib. Onun sözlərinə görə, Ağstafa rayonunun Saloğlu kəndi ərazisindəki keçmiş SSRİ Silahlı Qüvvələrinə məxsus sursat anbarında təmizləmə işləri davam etdirilir. “İndiyədək anbarın yerüstü ərazisinin təmizlənmə işləri uğurla həyata keçirilib. Yeraltı anbarlardan 400 000 sursat çıxarılıb və onların yarısı partladılıb. Orta hesabla hər gün yeraltı anbarlardan 1000-1200 sursat aşkarlanaraq götürülür”.
Saloğlu layihəsi 2005-ci ilin noyabrından başlayıb. Layihə Azərbaycan hökuməti ilə NATO-nun Maddi-Texniki Təchizat və Yardım təşkilatı ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Layihənin ümumi dəyəri 1.047.649 avrodur. Layihə Azərbaycan hökumətinin, NATO-ya üzv və tərəfdaş ölkələr - Finlandiya, Lüksemburq, Norveç, Türkiyə, İsveç, ABŞ, Avstraliya və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının yardımı ilə maliyyələşdirilir.
1991-ci ildə Azərbaycanın Ağstafa rayonunun Saloğlu kəndi yaxınlığında keçmiş SSRİ Silahlı Qüvvələrinin sursat anbarında baş vermiş partlayış nəticəsində 40 milyon kvadrat metr ərazi hərbi sursatlarla çirklənib. Anbarda on günədək yüzdən çox partlayış qeydə alınıb. Nəticədə 80 nəfər yaralanıb, 31 nəfər həlak olub.

XS
SM
MD
LG