Accessibility links

Bakı aeroportunun təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edirmiş  


Azərbaycanın Ağır Hərbi Cinayətlərə dair İşlər üzrə Məhkəməsi Bakı aeroportunun Təhlükəsizlik Xidmətinin bir qrup yüksək vəzifəli əməkdaşının işi üzrə prosesi başa çatdırıb. Məhkəmə onları Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli bilib. Həbsdə olan beş nəfərə qarşı Cinayət Məcəlləsinin qanunsuz silah, döyüş sursatı və partlayıcı maddə saxlanması, dövlətə xəyanət, operativ-axtarış fəaliyyətinin pozulması, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə Bakı aeroportunun təhlükəsizlik xidmətinin sabiq rəhbəri Emil Süleymanovu əmlakı müsadirə olunmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Ona azad olunduqdan sonra 3 il müddətində dövlət qulluğunda işləmək qadağan edilib. Aeroportun operativ xidmətinin sabiq rəhbəri Tamerlan Mikayılov və mühəndis-elektronika üzrə mütəxəssis Tahir Əsədzadə, keçmiş mühəndis-proqrammist Faiq Quliyev 2,5 il müddətinə, Milli Təhlükəsizlik Nazirliyinin polkovnik-leytenantı Rafət Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. “Turan” agentliyi istintaq materiallarına əsasən bildirir ki, müttəhimlər Rusiya Federal Təhlükəsizlik Xidməti ilə 1992-93-cü illərdən əməkdaşlığa başlayıb, "Andrey", "İqor" və "Valentin" şərti adları altında fəaliyyət göstərib. Müttəhimlər Rusiya xüsusi xidmət orqanlarına Azərbaycana səfər edən yüksək səviyyəli xarici nümayəndə heyətləri haqqında məlumatlar, Azərbaycan xüsusi xidmət orqanları zabitlərinin fotoşəkillərini ötürüblər. Texniki vasitələrdən istifadə etməklə, onlar Bakı Aeroportunun bütün ərazisini, o cümlədən, dövlət başçısının hökumət üzvləri və xarici nümayəndə heyətləri ilə görüşləri zamanı danışıqlarını dinləyib.
XS
SM
MD
LG