Accessibility links

Ermənistan-Azərbaycan münaqişəsinin təməl prinsiplərinin növbəti işçi variantı hazırlanacaq  


ATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevan və Dağlıq Qarabağda danışıqlar apardıqdan sonra bu gün yenidən Bakıya qayıdıb. Həmsədrlər Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşdükdən sonra mətbuat konfransı keçirib. Rusiyalı həmsədr Yuri Merzlyakov bildirib ki, missiyanın məqsədi tərəflərdən 2007-ci ilin noyabrında Madriddə həmsədrlərin təqdim etdiyi nizamlanmanın təməl prinsipləri barədə sənədə reaksiyasını öyrənmək olub. "Biz reaksiyanı öyrəndik, o, çox dolğundur və hiss olunur ki, tərəflər bu sənədi dərindən öyrənib. Vasitəçilər hər iki tərəfin əldə olunmuş fikirləri əsasında təməl prinsiplərinin növbəti işçi variantını hazırlamaq niyyətindədir. Artıq tərəflərin razılaşdırılmamış qalan bir neçə məsələ üzrə qarşılıqlı anlaşması hiss olunur. Lakin hələlik bu qarşılıqlı anlaşmanı sözlə ifadə etmək mümkün deyil. Eyni zamanda, 15 təməl prinsipindən əksəriyyətini ilkin formada artıq razılaşdırılmış hesab etmək olar». Cənab Merzlyakov iki ölkə rəhbərinin Dağlıq Qarabağın gələcək statusu ilə bağlı fikirlərindən danışarkən bildirib ki, "tərəflərdən hər biri özü üçün mühüm olanların təfsirini verir". Həmsədrlər təməl prinsipləri üzrə 2008-ci ildə razılıq əldə olunacağına ümidlərini itirmir. Bununla yanaşı, onlar etiraf edirlər ki, hətta bu halda da sülh sazişinin hazırlanması üzərində iş vaxt tələb edir. Fransalı həmsədr Bernar Fasye misal kimi Ermənistanda prezident seçkilərinə bir ay qalmasına baxmayaraq danışıqların dayanmadığına işarə edib. «Seçkiyə bu qədər az vaxt qalsa da, danışıqlar müvəqqəti də olsa da dayanmayıb». Münaqişənin müharibə yolu ilə həllinə gəldikdə isə vasitəçilər bunun düşünülməmiş qərar olacağını deyib. Cənab Fasye bildirib ki, müharibənin yenidən başlanması problemin həllini daha da çətinləşdirəcək və bütün tərəflər üçün təhlükəli olacaq. «Müharibə həll deyil, yeni münaqişə deməkdir. Əgər yeni müharibə olsa, problem həll edilməz, əlavə itki, əlavə qaçqınlar yaranacaq. Müharibə özünəqəsddir». Dünən cəbhə xəttinin keçdiyi Ağdam rayonunda ictimaiyyət qarşısında çıxışında Azərbaycan prezidenti də danışıqların ümumilikdə müsbət məcrada davam etdiyini bəyan edib. Prezident İlham Əliyev cəbhə xəttində erməni mövqeləri ilə üzbəüz səngərdə hərbiçilərlə görüşüb və Azərbaycanın işğal olunmuş ərazilərini müşahidə edib. Dövlət başçısı münaqişənin müharibə yolu ilə həlli variantını da istisna etməyib. Müstəqil politoloqlar isə danışıqların yaxın zamanda uğurla nəticələnəcəyinə inanmır. Siyasi şərhçi Zəfər Quliyev tərəflərin və həmsədr ölkələrinin mövqelərinin çox fərqli olduğu fikrindədir. Danışıqların nəticələrinin müsbət olacağı da şübhə altındadır. Belə ki, bir neçə gün öncə həmsədrlər bu ilin sonunadək hətta tərəflər arasında şifahi razılaşmanın olacağına ümid edirdisə, bu gün Xarici İşlər nazirinin mətbuat katibi Xəzər İbrahim hələ bu barədə mütləq fikrin olmadığını deyir.
XS
SM
MD
LG