Accessibility links

Azərbaycan təhlükəsizlik orqanları terrorçuluqda günahlandırılan radikal dini qrupu saxlayıb


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi radikal dini təmayüllü qrupupun üzvlərini saxlayıb.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan qrup qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə yaradaraq, Azərbaycanda sabitliyin pozulmasına, dövlətin dünyəvi və demokratik inkişafdan çəkindirməsinə yönəlmiş qanunsuz hərəkətlər törətməyi planlaşdırıb. Silahlı birləşmənin üzvləri odlu silah və partlayıcı maddələrin əldə edilməsi, gizli surətdə ölkə ərazisinə keçirilməsi, daşınması və saxlanılmasında, eləcə də Azərbaycanda terrorçuluq əməlinin, quldurluq və digər cinayətlərin törədilməsində iştirak edib.

Qrupun üzvləri həmçinin Bakı şəhərində “Əbu Bəkr” məscidində 2008-ci il avqustun 17-də terror törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilmiş “Meşə qardaşları” adlı silahlı birləşmənin rəhbərlərindən biri - “Süleyman” ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil edib.

Silahlı birləşmədən terrorçular arasında «kamikadze kəməri» kimi adlandırılan və içərisində ümumilikdə 5 kiloqramdan artıq partlayıcı maddə olan 3 ədəd plastid, trotil şaşkaları, əl qumbaraatanları və onların mərmiləri, çoxsaylı avtomat və tapançalar, 60 ədəd elektrodetanator, 22 ədəd partlayıcını kənardan elektron idarəetmə qurğusu, 28 ədəd əl qumbarası, 25 ədəd qumbara alışdırıcısı, 12 ədəd detanator üçün kapsula, 20 ədəd «KENWOOD» tipli radiostansiya, 10 ədəd siqnal fişəngi, 1 ədəd partlayıcı qurğu üçün nəzərdə tutulmuş saat mexanizmi, 1 ədəd kompas, habelə çoxlu sayda müxtəlif çaplı patron və digər hərbi ləvazimatlar aşkar olunaraq götürülüb.

Faktlar üzrə Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama, quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddələri ilə cinayət işi başlanıb.


XS
SM
MD
LG