Accessibility links

Vahid Əhmədov: 2009-cu ildə inflyasiyanın səviyyəsi 20 faizdən az olmayacaq 


Azərbaycan Milli Məclisin deputatı, Baş nazirin keçmiş müavini Vahid Əhmədov “Amerikanın səsi” radiosuna müsahibəsində 2008-ci ilin yekunları və 2009-cu ildə gözlənilən iqtisadi perspektivlərdən danışıb.

Sual: 2008-ci ilin iqtisadi yekunlarını necə qiymətləndirirsiniz?

Cavab: Bu il Azərbaycan iqtisadiyyatında müsbət və mənfi halların hər biri çoxluq təşkil edib. Müsbət odur ki, Azərbaycan qazını Avropa bazarlarına çıxarmaq üçün imkan yaranıb, Bakı-Ərzurum qaz kəməri istifadəyə verilib. İkinci müsbət hadisə Bakı-Qars dəmir yolunun çəkilişinin başlanmasıdır. Azərbaycan Gürcüstan iqtisadiyyatına 200 milyon dollar investisiya qoymaq barədə qərar verib. O cümlədən, ölkə daxilində bir sıra yollar, körpülərin tikilməsi müsbət hallardır. Mənfi hallar odur ki, insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün işlər lazımi səviyyədə olmayıb. Çoxsaylı insanların pensiyaları, əmək haqları yaşayış minimumuna çatdırılmayıb. Mənə elə gəlir ki, 2009-cu ildə zəif sosial təbəqənin gəlirlərini yaşayış minimumuna çatdırmaq lazımdır.

Sual: Amma iqtisadiyyat inkişaf etdikcə, beynəlxalq monitorinqlərin nəticələrinə görə, korrupsiyanın səviyyəsi də artır? Korrupsiyaya qarşı mübarizəni necə qiymətləndirirsiniz?

Cavab: 2008-ci ilin sonunda yenə Azərbaycanın qarşısında iki ciddi problem dayanıb. Birincisi korrupsiya, rüşvət, ikincisi isə monopoliyalardır. Azərbaycanın beynəlxalq reytinqlərdə vəziyyətinin pis olması bu iki amillə bağlıdır. Ölkədə korrupsiya ilə bağlı komissiya da yaradılıb, müəyyən işlər də görülüb. Ancaq bunlara baxmayaraq, korrupsiya yüksək səviyyədə qalır və səviyyəsi artır. Azərbaycanda həm də güclü inhisarçılıq qalır. Aztəminatlı sosial təbəqənin maddi rifahını yaxşılaşdırmaq, qiymətlərin aşağı salınmasının real görünməsi üçün bunların qarşısı alınmalıdır.

Sual: Dünya maliyyə böhranının Azərbaycana hazırda və gələcək perspektivdə təsirləri nədən ibarət ola bilər?

Cavab: Dünyada maliyyə böhranı 2009-cu ildə də davam edəcək. Bu böhranın Azərbaycana ən ciddi təsiri neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlıdır. Çünki Azərbaycanın ixracının 98 faizini neft təşkil edir. Təəssüf ki, neçə illərdir qeyri-neft sektorunun inkişafı üçün ciddi addımlar atılmır. Maliyyə böhranının təsirləri də artır və hiss edilməkdədir. Maliyyə kredit sistemində baş verən müəyyən hadisələr, kreditlərin verilməməsi bunun göstəricisidir. Milli Bankın addımlarına baxmayaraq, ciddi nəticələr yoxdur. Hətta ipoteka kreditinin verilməsinə ciddi nail olunmadı. Azərbaycan təsirləri qabaqlamaq üçün qeyri-neft sektorunun inkişafına ciddi fikir verməlidir.

Sual: 2009-cu ildə iqtisadi siyasətdə hansı dəyişikliklərin edilməsi ölkəni maliyyə böhranından yayındırmağa imkan verə bilər?

Cavab: Azərbaycanın bu ilin yekunlarına görə 20 milyard dollar maliyyə ehtiyatı var. 2009-cu ilin dövlət büdcəsinə Neft Fondundan beş milyard dollar transfert edilib. Ona görə də, 2009-cu ilin dövlət büdcəsini riskli büdcə saymaq olmaz. Yəqin risklərdən çıxmaq üçün ehtiyatlardan gələcəkdə də istifadə olunacaq. Amma Neft Fondundakı vəsaitin gələcək nəsillər üçün saxlanması imkanı azalmaqdadır. Maliyyə problemləri gələcəkdə, neft hasilatı aşağı düşdükcə yarana bilər. Ona görə də, qısa müddətdə dövlət büdcəsində qeyri neft sektorunun payını 60-65 faizə çatdırmaq lazımdır.

Sual: Azərbaycanın rəsmi statistikası ilə müstəqil ekspertlərin hesablamaları daim fərqli olur. Bunun səbəbi nədir?

Cavab: Rəsmi statistikada 9 ayın yekunlarına görə inflyasiya 18-20 faiz göstərilirdi. Ancaq müstəqil ekspertlərin hesablamalarına görə bu rəqəm 25 faizi də keçib. O cümlədən, iqtisadi artımlar, idxal və ixrac, gömrük və sərhəd xidməti sistemindəki rəqəmlər fərqlidir.

Sual: 2009-cu ildə inflyasiyanın səviyyəsini necə proqnozlaşdırırsınız?

Cavab: Dünyada inflyasiyanın aşağı olacağı gözlənilir. Çünki neftin qiymətinin düşməsi digər məhsul və xidmətlərə təsir göstərir. Təəssüf ki, Azərbaycanda bu, hiss edilmir. Nə benzinin, nə də qeyri-neft məhsullarının qiymətində dəyişiklik yoxdur. Bir qədər tikinti materiallarının qiymətləri enib. Bu səbəbdən də hesab edirəm ki, 2009-cu ildə inflyasiyanın səviyyəsi 20 faizdən az olmayacaq.

Sual: Azərbaycanın əsas ticarət partnyorlarından olan Rusiyada dərin iqtisadi böhran Azərbaycan bazarına hansı təsirləri göstərə bilər?

Cavab: Azərbaycanın bu il Rusiya ilə ticarət dövriyyəsi 2 milyard manata yaxındır. Əsasən Rusiyadan Azərbaycana ərzaq və qeyri-ərzaq məhsulları gətirilir. Rusiyada qeyri-neft sektorundakı böhran Azərbaycana da təsirlərini göstərəcək və artıq göstərir. Bu səbəbdən də Azərbaycan prezidenti ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramının hazırlanması üçün göstəriş verib.


XS
SM
MD
LG