Accessibility links

ABŞ-ın Azərbaycandakı səfiri Xocalı faciəsinin qurbanına baş çəkib


ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders Bakının Dərnəgül qəsəbəsindəki yataqxanalarından birində yaşayan Xocalı faciəsinin qurbanlarından olan Xədicə Orucovaya baş çəkib. X.Orucova Xocalı hadisələri zamanı şaxtalı havada bir həftə ailə üzvləri ilə birgə meşədə gizləndikdən sonra girov götürülüb. O ailə üzvlərinin üçünü itirib, özü isə əlil olub. "Ermənilər axşam tanklarla Xocalıya hücum etdilər. Onlar şəhərdəki çoxsaylı mülki insanları qətlə yetirdilər. Mən isə əsir düşməmək üçün ailə üzvlərimlə meşəyə qaçdım. Bir neçə gün yol getdikdən sonra anamın həyəcandan ürəyi dayandı. Bacımın ayaqları dondu və qanqrenadan öldü. Bir həftədən sonra erməni kəndinin yaxınlığındakı qəbiristanlıqda dincəlmək istədik. Burada isə atamın ürəyi dayandı. Sonra ermənilər bizi girov götürdülər. Yüzlərlə girovu donuz fermasına yığmışdılar. Azərbaycanlılara dəhşətli əzablar verirdilər. Bir oğlanı avtomatın qundağı ilə döyə-döyə öldürdülər, birinin isə gözümüzün qarşısında başını kəsdilər. Divarlara güllələnmiş və əzabla öldürülmüş çoxsaylı insanların qanı səpələnmişdi. İnsanların qulaqlarını kəsir, ayaqlarını əzirdilər, meyitləri təpikləyirdilər. Mənim ayaqlarımı isə qaynar suya saldılar və ayaq dırnaqlarım töküldü. Ayaqlarım qanqrena olmuşdu və girovluqdan azad edildikdən sonra ayaqlarımı kəsdilər" - deyə X.Orucova bildirib. Səfir Enn Ders baş vermiş bu hadisəni başa düşmək üçün ona imkan verdiyinə görə X.Orucovaya təşəkkür edib. "Faciəni kitablardan oxumaq bir təcrübədir, dəhşətləri keçmiş adamların özündən eşitmək isə başqa bir təsəvvür yaradır. Mən Sizə, sizin simanızda faciədən əzab çəkmiş, yaxınlarını itirmiş bütün insanlara baş sağlığı verirəm. Bir daha münaqişənin həllinə ABŞ-ın sədaqətini ifadə etmək istəyirəm. ABŞ istəyir ki, bir daha insanların həyatına son qoyulmasın, adamlar öz doğma yurdlarına qayıda bilsin". E.Ders ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və buna sədaqətli olduğunu bəyan edib. "Əmin ola bilərsiniz ki, ABŞ münaqişənin sülh yolu ilə və ədalətli həllinin tapılması yolunda səylərini əsirgəməyəcək". Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərfindən məhv edilib. Ermənislar şəhərə o zaman Dağlıq Qrabağda yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alıyınıın köməyilə daxil olub. Nəticədə şəhərin 700-ə yaxın sakini güllələnib. Minlərlə insan girov götürülüb.
XS
SM
MD
LG