Accessibility links

İranda Azərbaycan Milli Hərəkatı mövzusunda konfrans keçirilib


Dünya Azərbaycanlıları Konqresi “Güney Azərbaycan milli hərəkatı” mövzusunda konfrans keçirib. Tədbirdə Güney Azərbaycan milli hərəkatının tarixi, İrandakı mövcud durum və milli hərəkatın qarşısında duran vəzifələrdən danışılıb. Müzakirələrdə ziyalılar, alimlər və əsasən gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Çıxışlar zamanı Azərbaycan Respublikası və Cənubi Azərbaycan arasında milli birlik olmasının vacibliyi bildirib. Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı bildirib ki, Türk dünyasının birliyi Azərbaycan Respublikası və Cənubi Azərbaycanın milli birliyindən keçir. ”İranda türk dilinə, mətbuatına, təhsilinə qadağa qoyulub. Azərbaycan Respublikasının parlamenti, mediası, siyasi partiyaları, qeyri hökumət təşkilatları Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının müdafiəsinə qalxmalıdır. Son hadisələr göstərir ki, İranda rejim çökür. Bu rejimi heç zaman orada yaşayan 35 milyonluq azərbayanlıları sındıra bilməyib və indi də sındıra bilməyəcək”, - deyə Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı bildirib.
O qərb dövlətlərini İranla silahla danışmamağa çağırıb. “Azərbaycan Respublikası silahsız, güc tətbiq etmədən Rus imperiyasını ölkədən çıxardı. İranda da silahdan istifadə etmək olmaz. Burada demokratik mübarizə yolu silahdan daha üstündür. Əfqanıstan və İraqda silahın vurduğu zərbə bunu bir daha təsdiq edir”.
Əsas məruzə ilə çıxış edən Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə bildirib ki, İran süqut ərəfəsindədir. Onun fikrincə, Bütöv Azərbaycan Dərbənddən Xorasanadək böyük bir ərazini əhatə edir. “Bu gün Azərbaycanın bütövlüyünü yalnız Qarabağın qaytarılmasında görənlər səhv düşünür. Hazırda Azərbaycanın kiçik bir hissəsi müstəqilliyini qazanıb. Bütün Azərbaycan əraziləri işğaldan azad edilməlidir”.
Məruzədə İranda insan haqlarının pozulması, həbsxanalarda zorlamalara da toxunulub. “Həsənabad səhrasında Kəhrizad həbsxanası var. İndi İran rəsmiləri özləri deyir ki, belə səhralıqda insan yaşamaz. Ancaq həmin həbsxanada yüzlərlə Azərbaycan ziyalısına işgəncə verilib. İranın özü bu həbsxanada son hadisələr zamanı 7 nəfərin öldüyünü təsdiq edir”.
Çoxsaylı çıxışlarda Azərbaycan Respublikasında hökumətin, parlamentin, siyasi partiyaların, hüquq müdafiə təşkilatlarının və medianın Cənubi Azərbaycanda, o cümlədən İranda baş verən hadisələrə diqqət yetirməməsi tənqid hədəfi olub. “Cənubi Azərbaycan məsələsi dövlət siyasətində yoxdur, parlamentdə çox az dilə gətirilir”, - deyə Asiya Dialoqu İctimai birliyinin sədri Sevil Nuriyeva qeyd edib.
Dünya Azərbaycanlıları Konqresinin müraciətində isə deyilir ki, Azərbaycanın güneyində Milli Azadlıq Hərəkatı gedir. “Hər il, hər ay, hər həftə, hər gün soydaşlarımız təqib və təzyiqlərə məruz qalır, həbs olunur, işgəncə edilir, dar ağacından asılır. Çünki onlar ana dilində təhsil tələb edir, azad yaşamaq istəyir. Öz tarixi torpağında yaşayan 35 milyonluq Azərbaycan türkünün ana dilində bir dənə belə məktəbi yoxdur. Onlar 80 ildir assimilyasiyaya məruz qalır”, - deyə sənəddə bildirilir.

XS
SM
MD
LG