Accessibility links

«Azadlıq» qəzetinin baş redaktorunun məhkəmə prosesi üzrə hazırlıq iclası keçirilib 


Yasamal rayon məhkəməsində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin işi üzrə məhkəmə prosesinə hazırlıq iclası olub. İclasda vəkillər təqsirləndirilən Qənimət Zahid və Vüsal Həsənov barəsində həbs qəti imkan tədbirinin dəyişdirliməsi ilə bağlı vəsatət qaldırıb. Eyni zamanda, Qənimət Zahid və Vüsal Həsənov bir-birinin barəsində həbs qətii imkan tədbirinin dəyişdirilməsinə razı olduğunu hakim Südabə Məmmədovanın diqqətinə çatdırıb. Bunlara baxmayaraq hər iki şəxs barədə həbs qəti imkan tədbiri dəyişdirməyib və məhkəmə prosesi yanvarın 8-nə təyin edilib. Yeri gəlmişkən, Qənimət Zahid noyabrın 11-də Yasamal rayon məhkəməsinin qərarı ilə həbs olunub. Həbsə "Azadlıq" qəzetinin redaksiyası qarşısında baş verən hadisə səbəb olub. Gənc qadın "Sən kimsən ki, məni təhqir edirsən", deyə Zahidova yaxınlaşıb. Bir dəqiqə sonra Vüsal Həsənov adlı şəxs qızı müdafiə etmək adı ilə insident yaradıb. Baş redaktorun həbsini çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası və ATƏT kəskin pisləyib. Əlləri qandallanmış baş redaktor məhkəmə zalına daxil olarkən jurnalistlərə azad söz, nə qandal, nə də həbsxana tanımır deyib. «Narahat olmayın, azad sözü həbsxana divarları saxlaya bilməz mənim əzizlərim. Azad söz çoxdan həbsxana divarlarını aşıb»-deyə o həmfikirlərinə müraciət edib. Vəkil Osman Kazımov istintaqı və məhkəməni siyasi sifarişli adlandırıb. Onun sözlərinə görə, məhkəmə tərəflərin qarşılıqlı olaraq bir-birini müdafiə etməsinə belə məhəl qoymayıb. Baş redaktorun həbsini ailə üzvləri də siyasi sifariş hesab edir. Cənab Zahidin həyat yoldaşı Ayəndə xanım «Amerikanın səsi» radiosuna müsahibəsində baş redaktora qarşı ədalətsizliyin ailə üçün mənəvi zərbə olduğunu deyib.
XS
SM
MD
LG