Dünən "Amerikanın səsi", "Azadlıq" və "Bi-Bi-Si" radiostansiyalarının verilişlərinin yerli kanallar vasitəsi ilə retranslyasiyası məsələsini Milli Teleradio Şurasının sədri Nuşiravan Məhərrəmli ilə müzakirə etmişik. Müzakirələr davam edəcək və biz inanmaq istərdik ki, nəticələr müsbət olacaq". Bu barədə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik «Amerikanın səsi» radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, "Amerikanın səsi" və "Azadlıq" radiostansiyaları ABŞ hökumətinə yaxındır və onlar geniş miqyaslı müxtəlif səpkili informasiyalar verirlər. Xatırladaq ki, N.Məhərrəmli ANS, Anten və Dövlət radiosuna xarici verilişlərin retranslyasiyasını dayandırmağı təklif edib. O bu göstərişi radiostansiyaların lisenziyasında müvafiq fəaliyyətin əks olunmaması ilə əsaslandırıb. Cənab Məhərrəmli bu cür fəaliyyət üçün əlavə lisenziya lazım olduğunu bildirib.
Məhkəmə tərəfindən satirik Sakit Zahidovun üç il müddətinə azadlıqdan məhrum edilməsini şərh edən Henik, bundan təəssüfləndiyini bildirib. O səfirlik nümayəndələrinin prosesin gedişini izlədiklərini və bir sıra ciddi pozuntular qeydə aldıqlarını deyib.
«Azərbaycan hökuməti jurnalistlərin normal fəaliyyəti üçün şərait yaratmalıdır. KİV azadlığı və insan hüquqlarının qorunması demokratik cəmiyyətin mövcudluğunun əsas prinsipləridir»- deyə cənab Henik qeyd edib.