Accessibility links

Azərbaycanda azad mətbuatın müdafiəsi məqsədilə keçirilən aksiya zamanı onlarla fəal saxlanıb


Azərbaycan Xalq Cəbhəsi partiyasının fəalları «Azad mətbuatdan əlini çək!» şüarı altında Prezident Aparatı qarşısında piket keçirməyə cəhd edib. Çoxsalı polis əməkdaşlarının səylərinə baxmayaraq fəallar dəfələrlə Prezident Aparatına istiqamət götürməyə cəhd edib. Piketçilərlə polis qarşıdurması bir saatadək davam edib. AXCP mətbuat xidmətinin məlumatına görə, yetmişədək fəal saxlanıb. Onların arasında iyirmiyədək qadın və iki jurnalist var. Bakı şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəcinin rəisi Şamil Seyidli Amerikanın səsi radiosuna 25 nəfərin saxlandığını bildirib. Aksiyanın qətnaməsində deyilir ki, piket iştirakçıları Azərbaycanın demokratik qüvvələrini, ictimaiyyətin fəallarını, ziyalıları, beynəlxalq demokratik qüvvələri azad mətbuatın antidemokratik və antihumanist rejim qarşısında tək buraxılmasına imkan verməməyə, onun müdafiəsinə qalxmağa çağırır. Piket iştirakçıları bəyan edirlər ki, hakimiyyət azad mətbuatın susdurulmasına yönəlmiş hərəkətlərini dayandırmayınca etiraz aksiyalarını davam etdirəcəklər. «Ötən il "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin, bu ilin mayında "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin oğurlanaraq döyülməsinin, eləcə də jurnalistlərə qarşı törədilən onlarla digər terror aktlarının üstünün bu günədək açılmaması mövcud rejimin siyasi sifarişi ilə edildiyi qənaətini yaratmaqla ölkədə azad sözün ciddi təhlükədə olduğunu təsdiqləyir. Piket iştirakçıları hakimiyyətdən tələb edir ki, azad mtəbuata, xüsusilə də "Azadlıq" qəzetinə qarşı məhvetmə kampaniyasından əl çəksin, özündə söz azadlığının mövcud olduğu mühitdə işləmək cəsarəti tapsın". Qeyd edək ki, jurnalistlrin «Azad mətbuatdan əlini çək!» şüarı ilə keçirdiyi aclıq aksiyası 15-ci gündür davam edir. «Azadlıq» qəzəetinin redaktoru Qənimət Zahid artıq 15 gündür qida qəbul etməkdən imtina edib. O aclığı sonadək davam etdirəcəyini bildirib. Səhhəti isə olduqca ağırlaşıb. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə jurnalistləri aclığı dayandırmağa və hüquqi yolla mübarizə aparmağa çağırıb.
XS
SM
MD
LG