Prezident Trampın sərt, bahalı və qeyri-mümkün olduğunu deyərək, mövcud tövsiyələri tənqid etməsindən sonra federal səhiyyə rəsmiləri ABŞ məktəblərinin açılması üçün yeni təlimatlar verəcək.
Koronavirus pandemiyası Birləşmiş Ştatların təxminən bütün dövlət və özəl məktəblərini qapılarını bağlamağa məcbur edib və Tramp bağlanan məktəbləri federal maliyyəni kəsməklə hədələyir.
“Biz məktəbləri yenidən açmaq istəyirik. Hamı bunu istəyir. Bunu analar istəyir, atalar istəyir, uşaqlar istəyir. Bunu etmək vaxtı gəlib" - deyə, Tramp səhiyyə və təhsil rəsmiləri ilə görüşdə bildirib.
Ağ Evin Koronavirusla Mübarizə Qrupuna rəhbərlik edən vitse-prezident Mayk Pens çərşənbə günü jurnalistlərə açıqlamasında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məktəblərin təhlükəsiz açılması üçün təlimatlarını yeniləyəcəyini deyib. Onun dediyinə görə, yeni təlimatlar gələn həftə açıqlanmalıdır.
"Biz uşaqlarımızın təhsildə geri qalmalarına imkan verə bilmərik. Uşaqlarımızın əyani təhsil almaları üçün onların sinif otaqlarına qayıtması çox vacibdir" - deyə, Pens bildirib.
Həkimlər 12 və daha az yaşlı uşaqların koronavirusa yoluxma riskinin az olduğuna inanır. Lakin onların fikrincə, gənclər bu xəstəliyi valideynləri də daxil olmaqla, yaşlı insanlara yoluxdura bilər.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin COVID-19-un yayılmaması üçün məktəblərə aid əvvəlki tövsiyələrinə sinif otaqlarının pəncərələrinin açıq olması, masaların mümkün qədər - azı 2 metr aralı olması, yeməkxanalar və oyun meydançalarının bağlı olması daxil idi.
Tramp tveeter səhifəsində "Mən Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məktəblərin açılması üçün çox sərt və bahalı qaydaları ilə razı deyiləm. Onlar məktəblərin açılmasını istəsələr də, qeyri-mümkün işlər görmələrini tələb edirlər" - deyə, yazıb.
Ölkənin ən böyük müəllimlər birliyi olan Milli Təhsil Assosiasiyasının başçısı Trampı sağlamlıq tədbirləri görülməyən və şagirdlərlə dolu bir sinfə dəvət edib.
"Mən Donald Trampı etibarlı şəkildə hazırlıq görməyən, eyni havada nəfəs alan 39 nəfərdən ibarət altıncı sinif şagirdlərinin bir yerdə oturduğu sinfə dəvət etmək istəyirəm " - deyə, assosiasiyanın prezidenti Lili Eskelsen Qarcíya CNN kanalına bildirib.