Münasibətlərində kəskin gərginliyin davam etdiyi bir vaxt Çin və ABŞ müdafiə rəsmiləri arasında kiçik bir irəliləyiş əlaməti olaraq iki günlük danışıqlar aparılıb.
Çərşənbə axşamı və çərşənbə günü keçirilən video konfransa Çinin Xalq Qurtuluş Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Ofisinin direktor müavini general-mayor Huan Suepin və ABŞ Müdafiə nazirinin Çin üzrə yardımçı müavini Maykl Çeyz başçılıq edib.
Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian cümə axşamı tərəflərin "iki ölkə və iki hərbi qüvvə arasında əlaqələr və ümumi narahatlıq doğuran məsələlərlə bağlı dərin fikir mübadiləsi apardıqlarını" bildirib.
Bununla yanaşı Qian ABŞ-ı iki ordu arasında "çətinliklər və problemlər" yaratmaqda ittiham edərək, Çinə qarşı "davamlı təxribat və məhdudlaşdırmada" günahlandırıb.
"Çinin suverenliyi, ləyaqəti və əsas maraqları heç bir pozuntuya yol vermir. İki silahlı qüvvə arasındakı əlaqəyə gəldikdə, biz dialoqa, əməkdaşlığa üstünlük verir, fərqliliklərlə üzləşir və məcburiyyətə qarşı çıxırıq" - deyə, Vu aylıq brifinqdə bildirib.
Vaşinqtonda verdiyi açıqlamasında Müdafiə Nazirliyinin sözçüsü Polkovnik- leytenant Martin Meyners bu görüşün "Bayden-Harris administrasiyası üçün ABŞ-la Çin Xalq Respublikası arasındakı rəqabəti məsuliyyətlə idarə etmək və ÇXR ilə açıq ünsiyyətdə olmaq səylərində vacib bir komponent" olduğunu bildirib.
Martin Meyners "Hər iki tərəf ünsiyyət kanallarınının açıq qalması fikirini dəstəkləyib. ABŞ da öz növbəsində Hind-Sakit okean bölgəsindəki müttəfiqləri və ortaqları ilə ümumi prinsiplərə riayət etmək öhdəliyinə sadiq qalacağını açıq şəkildə bildirib" deyib.
Çinlə ABŞ arasında son on illərdir münasibətlər texnologiya, ticarət, insan haqları və Pekinin hava zolaqları və digər infrastrukturlar inşa etdiyi Cənubi Çin dənizindəki süni adalarda hərbi fəaliyyəti səbəbilə daha da gərginləşib.