Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxma hallarının yenidən artdığını bildirib


Ümumdünya Səhiyyə Təşkilatı son yeddi həftə ərzində dünya boyu ilk dəfə koronavirusa yoluxma hallarının yenidən artdığını bildirib, rəsmilər isə bunun yenidən əhəmiyyətli dərəcədə artacağından narahatlığını ifadə edib.

"Hamımıza ciddi şəkildə xəbərdarlıq etməliyik ki, imkan versək bu virus yenidən qayıdacaq" - deyə, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 üzrə texniki rəhbəri Mariya Van Kerkhov bazar ertəsi agentliyin Cenevrədəki qərargahında keçirilən brifinqdə bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Tedros Adhanom Gebreyesus yoluxmaların dörd regionda - Amerika qitəsi, Aralıq dənizinin şərqi, Avropa və Cənub-Şərqi Asiyada yenidən artdığını deyib. O bunun məyusluq yaratdığını, lakin təəccüblü olmadığını, yoluxmaların yenidən artmasına isə çox guman ki, ictimai səhiyyə tədbirlərinin yüngülləşdirilməsinin səbəb olduğunu deyib.

Təşkilatın Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan deyib ki, "hazırda virus nəzarətdədir". Lakin o, pandemiyanın ilin sonuna qədər sona çatacağını düşünməyin "qeyri-real" olduğunu bildirib.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus
ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus

Yoluxma hallarının artması ilə bağlı xəbərdarlıqlar dünyanın bir çox yerində koronavirusa yoluxma və ölüm hallarının kəskin şəkildə azalması, peyvəndlərin tətbiqi ilə koronavirusun yayılmasının qarşısının alınacağı ilə bağlı ümidlərin yarandığı vaxt edilib.

ABŞ-ın səhiyyə rəsmiləri COVID-19-a səbəb olan koronavirusun yeni və daha yoluxucu variantlarının artdığı və bu səbəbdən qarşıda daha bir yoluxma dalğasının ola biləcəyi barədə xəbərdarlıq edir.

Yoluxma hallarının yenidən artma tendensiyası əksər ştatların koronavirus məhdudiyyətlərini yüngülləşdirməsindən sonra başlayıb.

Kaliforniya qubernatoru Qavin Nyusom və ştatın qanunverici orqanlarının rəhbərləri əksər dövlət məktəblərində şagirdlərinin mart ayının sonunda siniflərə qayıdacaqları barədə razılığıa gəldiklərini elan edib.

İllinoys ştatının Çikaqo şəhərində minlərlə şagirdi bir ildən artıq virtual təhsil aldıqdan sonra bazar ertəsi sinif otaqlarına qayıdıb. Beşinci sinfə qədər şagirdlərin bu həftə, orta sinif şagirdlərinin isə gələn həftə məktəbə qayıtması planlaşdırılıb.

XS
SM
MD
LG