Accessibility links

ABŞ-ın üçüncü ən qüdrətli şəxsi - Nensi Pelosi nə edir? 


ABŞ Senatında demokratların lideri Çak Şumer və Nümayəndələr Palatasında demokratların lideri Nensi Pelosi Ağ Evdən çıxarkən.

ABŞ-ın Nümayəndələr Palatasının artıq yeni spikeri var – Demokrat Nensi Pelosi. O, bu vəzifəni artıq ikinci dəfədir ki, tutur. Konqres spikeri prezident və vitse-prezidentdən sonra Vaşinqtonda üçüncü ən əhəmiyyətli insan hesab edilir.

Pelosi Donald Trampın fəal müxalifidir. Sonuncu dəfə bu vəzifədə oğul Corc Buş vaxtı olan Pelosi o zamankı prezidentə də xeyli başağrısı verib.

Pelosi oğul Buşu çox məsələlərdə tənqid edirdi – İraqdakı müharibə, iqtisadi siyasət, benzinin qiyməti. İndi isə o, Buşu Donald Trampla müqayisə edir və bu müqayisə heç də Trampın xeyrinə deyil.

Nensi Pelosi USA Today qəzetinə müsahibəsində deyir:

“Bu prezident Buşdan və ya Obamadan fərqlənir. Çünki hər ikisi ilə biz müəyyən faktlardan başlayırdıq. Trampla isə ilk öncə faktların nə olduğunu aydınlaşdırmağa ehtiyac var.”

Hələ spiker təyin edilməsindən öncə Nensi Pelosinin ABŞ-ın 45-ci prezidenti ilə mübahisələri olurdu. Sonuncu mübahisə Meksika ilə sərhəddə divarın tikilməsinə büdcənin ayrılmayacağı halda hökumətin bağlanması haqda idi. Onun Trampla dialoqu belə idi:

Pelosi: Lazım olan sayda səslər yoxdur. Nümayəndələr Palatasına necə baxsan, kifayət qədər səs yoxdur.

Tramp: Mənə divar üçün səslər lazım olsaydı, mən onları bir sessiyada əldə edərdim və hər şey də həll olunardı.

ABŞ Nümayəndələr Palatası demokratlarının lideri Nensi Pelosi, vitse-prezident Mayk Pens və prezident Donald Tramp. Ağ Ev. 13 dekabr, 2018
ABŞ Nümayəndələr Palatası demokratlarının lideri Nensi Pelosi, vitse-prezident Mayk Pens və prezident Donald Tramp. Ağ Ev. 13 dekabr, 2018

Pelosi divara qarşı çıxış edərək, bu fikri bütövlükdə əxlaqsız adlandırır və reallığa geri dönməyi tövsiyə edir. Konqresin ilk iclasında, Pelosini spiker seçən Demokrat çoxluq hökumətin yenidən işə düşməsi ilə bağlı qanun layihəsini qəbul edib və bu layihədə divar üçün əlavə pullar ayırmayıb.

Bu, Pelosinin Trampın immiqrasiya siyasətinə qarşı ilk çıxışı deyil. Keçən ilin fevralında 77 yaşlı Konqres üzvü rekorda imza ataraq, səkkiz saat dayanmadan çıxış etdi. Onu qeyri-qanuni mühacirlərin maraqlarını nəzərə almayan qanun layihəsi qane etmirdi.

Настоящее Время: ABŞ-ın üçüncü ən qüdrətli şəxsi - Nensi Pelosi nə edir?

Otuz ildən çox stajı olan Konqres üzvü Pelosi bəzi Respublikaçıları öz tərəfinə çəkməklə hökumətin işini bərpa edəcəyinə ümid edir. Trampın prezidentliyinin iki ili ərzində bu artıq hökumətin üçüncü və ən uzun şatdaunu (shutdown) - bağlanmasıdır.

Lakin Ağ Evdən hökumətin işinin bərpası ilə bağlı qanun layihəsinə veto qoyulacağı bildirilir. Senatda çoxluğa malik olan Respublikaçıların lideri də Konqresin yuxarı palatasında yeni qanun layihəsinin dəstəklənməyəcəyini deyir.

Senat çoxluğunun lideri Mitç Makkonnel:

“Bizim Demokrat həmkarlarımız deyəsən faktlardan daha çox Donald Tramp ilə özlərinin şüursuz siyasi münaqişələrinə diqqət ayırır. Ona görə də, təkrar edirəm ki, vəziyyətin harada olduğunu hamı anlasın. Bizə qərar, hər iki tərəfdən kompromis lazımdır.”

XS
SM
MD
LG