Accessibility links

ABŞ-ın şərq sahilində qasırğa gözlənilir


ABŞ-ın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, tropik Henri qasırğası şənbə günü sürətlənərək fırtına səviyyəsinə çatıb və Şimali Karolinadan Massaçusetsə qədər uzanan ərazidə yağış, daşqın, külək və narahatlıqlara səbəb olub.

Henri ABŞ-ın Atlantik okeanı sahili boyunca şimal-şimal-şərq istiqamətdə irəliləyərək sürətini artırıb.

“Henrinin bazar günü Lonq Aylend və ya Yeni İngiltərənin cənubunda quruya çatacağı gözlənilir,” Milli Qasırğa Mərkəzinin xəbərdarlığında bildirilib.

Henrinin Yeni İngiltərədə son 30 ildə baş verən ilk qasırğa olacağı gözlənilir.

Henri şənbə günü səhər Şimali Karolinanın Keyp Hatteras şəhərindən 290 kilometr cənub-şərqdə saatda 120 kilometr sürətlə irəliləyib.

Massaçusetsin qubernatoru Çarli Beyker cümə günü turistləri Henridən yayınmaq üçün planlarını dəyişməyə çağırıb.

“Biz insanların qasırğa bazar günü Keyp Kodda körpülər üzərində ilişib qalmalarını istəmirik,” o deyib.

Henrinin bazar günündən bazar ertəsinə keçən gecədə Lonq Aylend, Yeni İngiltərə, cənub-şərqi Nyu York və şimali Nyu Cersidə 8-15 santimetr, bəzi yerlərdə isə 25 santimetrədək yağışa səbəb olacağı gözlənilir.

Bu arada isə Meksikada Qreysin sürəti qasırğa səviyyəsindən tropik fırtına səviyyəsinə azalıb.

XS
SM
MD
LG