Accessibility links

ABŞ-ın Əfqanıstan qüvvələrinə 3.3 milyard dollar yardım ayıracağı deyilir


Zalmay Xəlilzad
Zalmay Xəlilzad

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzad yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə bazar günü Kabildə liderlərlə görüşərək ABŞ və koalisiya qüvvələrinin sentyabrın 11-dək ölkəni tərk etməsindən sonra ikitərəfli münasibətləri müzakirə ediblər.

Müzakirələr xarici hərbi qüvvələr bir ay öncə ölkəni tərk etməyə başladığı zamandan bəri Taliban qiyamçılarının hökumət qüvvələrinə qarşı hücumları intensivləşdirdiyi və doqquz əfqan rayonunu ələ keçirdiyi vaxta təsadüf edib. Bu rayonlardan altısı son bir həftədə ələ keçirilib. Nəticədə hər iki tərəfdə yüzlərlə döyüşçü, habelə mülki vətəndaşlar həlak olub.

Əfqanıstan Prezidenti Əşrəf Qaninin sözçüsü bazar günü bildirib ki, Xəlilzadın komandası ilə danışıqlarda diqqət üç məsələyə, o cümlədən müdafiə, iqtisadiyyat və humanitar yardıma yönəlib.

Məhəmməd Əmiri deyib ki, ABŞ-ın elçisi Qaniyə Vaşinqtonun növbəti iki il ərzində Kabilə Talibana qarşı döyüşən Əfqanıstan təhlükəsizlik qüvvələrini dəstəkləmək üçün hər il 3.3 milyard dollar pul verəcəyini bildirib.

Əmiri qeyd edib ki, növbəti günlərdə baş tutacaq ikitərəfli danışıqlarda əsas müzakirə mövzuları arasında Əfqanıstan Hava Qüvvələrini gücləndirmək üçün ABŞ-ın, təyyarə daxil olmaqla, təsis və avadanlıq yardımı olacaq.

ABŞ-ın Kabildəki səfirliyi Xəlilzadın Əfqanıstan rəsmiləri ilə danışıqları ilə bağlı şərh verməyib.

Əfqanıstan hökuməti uzun müddət Talibana qarşı mübarizədə ABŞ-ın havadan dəstəyinə arxalanıb. Əfqanıstan rəsmiləri qüvvələrinin xarici ordunun dəstəyi olmadan qiyamçılara qarşı döyüşə bilməyəcəyinə dair narahatlıqları rədd edir.

Xəlilzad və onun nümayəndə heyəti həmçinin Kabilin qiyamçılarla sülh prosesinə nəzarət edən Abdullah Abdullahla da görüş keçirib.

Tərəflər Əfqanıstanda sülh prosesini və iki ölkə arasında “əməkdaşlığın yeni fəsli”ni müzakirə ediblər, deyə Milli Barışıq üzrə Ali Şuraya başçılıq edən Abdulla Twittter-də yazıb.

“Biz mümkün imkandan istifadə edərək Talibanla ədalətli və davamlı sülh yolu tapmaq öhdəliyimizi təkrarladıq,” Abdullah əlavə edib.

ABŞ-ın şənbə günü Xəlilzadın səfərindən öncə yaydığı bəyanatda bildirilib ki, onun nümayəndə heyətinə Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Şurası və USAID-dən nümayəndələr daxil olacaq.

Bəyanatda qeyd olunub ki, bir neçə idarələrin təmsil olunduğu nümayəndə heyəti ABŞ-ın Əfqanıstanın inkişafına və müharibəyə son qoyacaq siyasi həll yoluna dəstəyini vurğulayır.

Bəyanatda həmçinin bildirilib ki, Xəlilzad Taliban və Əfqanıstan hökümətinin sülh danışığı aparan nümayəndələrini siyasi həll yolu tapmağa doğru “real irəliləyiş əldə etməyə” təşviq etmək üçün Qətərə də səfər edəcək.

Taliban və rəsmi Kabilin vasitəçiləri ötən ilin sentyabr ayından bəri Qətərin paytaxtında bir neçə dəfə danışıqlar aparıblar, lakin yavaş irəliləyən proses dalana dirənib və hər iki tərəf buna görə bir-birini günahlandırır.

XS
SM
MD
LG