Accessibility links

ABŞ-ın ATƏT-dəki səfiri Azərbaycanda baş verən həbslərə toxunub


James S. Gilmore III
James S. Gilmore III

İyulun 30-da ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor III (James S. Gilmore III) ATƏT-in Daimi Şurasına müraciətində Azərbaycanda və bir sıra digər ölkələrdə müxalifətə qarşı baş verən həbs faktlarına toxunub.

Müraciətdə qeyd edilir ki, bəzi ATƏT ölkələrində ifadə azadlığı hücumlara məruz qalır, “saxta xəbərlər” haqqında qanunlardan isə vətəndaş cəmiyyəti nümayəndələrinin, müxalifətin və ictimai əhəmiyyətli məsələlər üzrə fikir bildirmək istəyənləri susdurmaq üçün istifadə olunur.

“Azərbaycan hakimiyyəti jurnalistləri, müxalifət xadimlərini və fəalları, o cümlədən hökumətin COVİD-19-a reaksiyasını tənqid edənləri həbs edib. Azərbaycan hakimiyyəti həmçinin hökumətdən daha çox şəffaflıq tələb edən və ya sadəcə, öz ifadə azadlığı hüququnu həyata keçirən şəxsləri qorxutmaq və cəzalandırmaq istəyir.

Belə ki, bu həftə Azərbaycan QHT-ləri bildiriblər ki, hakimiyyət siyasi müxalifət üzvlərinə və digər şəxslərə qarşı yeni həbs dalğasına başlayıb, onları dövlət çevrilişinə cəhddə və karantin rejimini pozmaqda ittiham edir.

QHT-nin məlumatına görə, Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Onların arasında səhhətilə bağlı problemləri olan müxalifət fəalları Tofiq Yaqublu və Saleh Rüstəmov da var ki, bu da onları COVİD-19 üçün daha həssas edir, Gilmor qeyd edib.

AXCP-dən verilən məlumata görə, son həftələr partiyanın ümumilikdə 40-dan çox üzvü saxlanıb. Partiyanın məlumata görə, onlardan 18-nə cinayət işi açılıb, biri istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 15 civarında cəbhəçinin karantin rejimini pozmaqda suçlandığı, onların hər birinə inzibati həbs cəzası verildiyi bildirilir.

Xatırlatma

Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxararaq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində yeddi polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Rəsmi açıqlamaya görə, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb.

Rəsmi qurumlar bununla bağlı cinayət işi açıldığını açıqlayıblar. Amma onlar bu məsələlərlə bağlı konkret neçə nəfərin saxlandığını və onlardan neçəsinin cinayət işinə cəlb edildiyini bildirməyiblər.

AXCP cəbhəçilərə bu məsələlərlə bağlı ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin, ümumiyyətlə, həmin yürüşdə iştirak etmədiyini bəyan edib.​

XS
SM
MD
LG