Accessibility links

ABŞ-ın Azərbaycandakı səfiri Dağlıq Qarabağ müzakirələrindən danışdı


ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger

“Ümid edirəm ki, nazirlər Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklər”

Bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberqer aprelin 20-də Bakıda təhsillə bağlı sərginin açılışında deyib.

ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberqer

Səfir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünü şərh edərkən həmin fikirləri dilə gətirib.

O, bunun tarixi barədə dəqiq məlumat verə bilməyəcəyini deyərək aprelin 15-də Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasındakı görüşü müsbət qiymətləndirib.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir”, - deyə səfir vurğulayıb.

Bu ilin aprelin 15-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənitsan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Moskvada görüş keçirilib.

Görüşdən sonra Azərbbaycan Xarici İşlər Nazirliyi bildirilib ki, nazirlər görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Bu xüsusda, bu ilin martın 29-da Vyanada baş tutmuş Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşünün nəticələri nəzərə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

2018-ci il sentyabrın 28-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqların vacibliyini bildirib.

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də Milanda, 2019-cu il yanvarın 16-da Parisdə görüşüb.

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Dövlət başçılarının görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsərləri fevralın 20-dən 23-dək Ermənistanda və Azərbaycanda ölkə rəhbərləri ilə görüşlər keçirib.

İlham Əliyev və Nikol Paşinyan Davosda görüşüb
İlham Əliyev və Nikol Paşinyan Davosda görüşüb

Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair martın 9-da bəyanat yayıb.

Həmsədrlər bəyan edib ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

Martın 29-da prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələ müzakirə edilib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlətinin birgə bəyanatında deyilir ki, görüş müsbət və konstruktiv şəraitdə keçib, hər iki liderin öz mövqelərinə aydınlıq gətirmək üçün imkan yaranıb. Azərbaycan və Ermənistan liderləri öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə görüşmək barədə tapşırıq verib.

XS
SM
MD
LG