“Biz bu gün azərbaycanlılarla birgə kədəri paylaşır və həlak olanları yad edirik. Biz bu gün etirazın kənar qüvvələr tərəfindən amansızcasına yatırılmasının fəsadlarını xatırlayırıq."
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin Facebook səhifəsində 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə bağlı paylaşımında deyilir.
“Biz xarici qüvvələrinin ölkəyə yeridilməsi, iğtişaşları yatırmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atması və əhalinin məruz qaldığı dəhşətli itkiləri xatırlayırıq. 1990-cı ildə Bakıda baş vermiş Qara Yanvarı, amansız repressiyaları xatırlayır, xəsarət alanlara və həlak olanlara görə kədərlənirik. Biz inanclarını müdafiə etmək üçün həyatlarını fəda edən bütün insanları xatırlayırıq," ABŞ Səfriliyi bildirir.
20 Yanvar - Azərbaycanda Ümumxalq Matəm günüdür.
32 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Ordu qüvvələri dinc əhaliyə atəş açıb. 147 nəfər həlak olub, 800-dən çox mülki sakin yaralanıb.
İndiyədək keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərlərindən heç kim yanvar hadisələrinə görə məsuliyyətə cəlb olunmayıb.