Birləşmiş Ştatların başçılıq etdiyi beynəlxalq koalisiya öz qüvvələrini İraqda Taci hərbi bazasından çıxararaq, bazanı İraq təhlükəsizlik qüvvələrinə təhvil verib.
Bu barədə Reuters xəbər agentliyinə şahidlər və koalisiya tərəfindən məlumat verilib.
Bağdaddan 20 kilometer şimalda yerləşən baza son aylar ABŞ hərbi qüvvələrini hədəf alan İranın dəstəklədiyi qruplaşmalar tərəfindən raket zərbələrinə məruz qalmışdı.
“Koalisiyanın hərbi personalının çıxarılması İraq hökuməti ilə koordinasiya edilmiş uzunmüddətli planın bir hissəsidir” – deyə, koalisiyanın bəyanatında bildirilir.
Bəyanatda həmçinin Taci hərbi bazasında koalisiya qüvvələrinin 2000 əsgərinin yerləşdirildiyi və onların çoxunun yay aylarında bazanı tərk etdiyi qeyd edilir.
Eyni zamanda bazadakı koalisiya qüvvələrinin qalan hissəsinin avadanlığın İraq təhlükəsizlik qüvvələrinə təhvil verilməsi yekunlaşdırılana qədər bazada qalacağı bildirilib.
Hərbi qüvvələr ABŞ prezidenti Donald Trampın İraqdakı Amerika əsgərlərinin qalan hissəsinin çıxarılması haqda vədini bir daha təkrar etməsindən bir neçə gün sonra çıxarılır. ABŞ-ın İraqda 5000, koalisiya qüvvələrinin isə 2500 əsgəri qalır.
İraq parlamenti bu il xarici qüvvələrin İraqdan çıxarılmasına səs verib. ABŞ və koalisiya qüvvələrinin çıxarılması ölkədə hərbi kontingentin azaldılması prosesinin bir hissəsidir.
İraq parlamentində səsvermə ABŞ hərbi qüvvələrinin yanvar ayında Bağdad aeroportunda hücumu nəticəsində İran generalı Qasım Süleymani və İraq militantlarının lideri Əbu Mehdi Əl-Mühəndisin ölməsindən sonra keçirilib.