Accessibility links

ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarı tənqid edilir


Dünya boyunca insan haqları qrupları ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarını tənqid edir.

Bir çox insan haqları müdafiəçiləri iyunun 19-da ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli tərəfindən elan edilmiş qərarı Amerikanın bütün dünyada insan haqlarının müdafiəçisi rolunu tərk etməsi kimi qiymətləndiriblər.

Freedom House, CARE və Human Rights First də daxil 12 insan haqları təşkilatının birgə bəyanatında deyilir ki, ABŞ-ın BMT-dəki İnsan Haqları Şurasında öz kürsüsünü tərk etməsi yalnız Çin və Rusiya kimi beynəlxalq oyunçuların mövqelərini möhkəmləndirəcək.

Bəyanatda deyilir ki, Vaşinqton Pekin və Moskvanı vaxtaşırı insan haqlarının pozulmasına, dissidentlərin həbsinə və işgəncələrə görə tənqid edir.

ABŞ habelə keçmiş Sovet respublikaları olmuş Azərbyacan, Belarus və Mərkəzi Asiyanın bir neçə ölkəsində insan haqlarının pozulmasından narahatlıq ifadə edir.

12 təşkilatın imzaladığı sənəddə deyilir ki, “ABŞ-ın bu şuradakı yerini tutacaq hər hansı bir ölkə onun diplomatik və siyasi qüdrətinə malik olmayacaq”.

Lakin ABŞ-ın BMT-dəki səfiri İnsan Haqları Şurasını “riyakar və özünə xidmət edən” qurum adlandırıb.

Səfir habelə Cenevrədə mənzillənmiş BMT təsisatını “İsrailə qarşı xroniki qərəzkarlıqda” ittiham edib.

Vaşinqton bu şuraya ilk dəfə 2006-cı ildə Corc W. Buşun prezidentliyi dövründə yaradılanda təsisata üzv olmaqdan imtina etmişdi.

Lakin növbəti prezident Barak Obamanın prezidentliyi dövründə ABŞ şuraya üzv olmuşdu.

Hazırda Avropa Şurasında Xarici Əlaqələr komitəsinə həmsədrlik edən veteran diplomat Karl Bildt şuranın “kamil olmadığını” etiraf etsə də deyib ki, “şuranı tərk etmək qərarı insan haqlarının müdafiəsi sahəsində hətta təşəbbüsdən də əl çəkilməsi deməkdir”.

Amnesty International təşkilatının baş katibi Salil Şetti deyib ki, bu qərar przeident Donald Trampın “təməl insan haqlarına hörmətsizliyini nümayiş etdirib”.

Baş katib bildirib ki, “ABŞ tarixin yanlış tərəfində qalmaq istəmirsə, bu qərarını mütləq dəyişməlidir”.

Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirib ki, sözü gedən şurada Çin, Səudiyyə Ərəbistanı və Venesuela kimi insan haqları pozucularının iştirakına baxmayaraq, bu qurum bütün dünya boyunca hələ də ciddi insan haqları pozuntularına qarşı mübarizə aparır.

HRW-nin baş direktoru Kennet Rot deyib: “Prezident Tramp qərara gəlib ki, “Əvvəlcə Amerika” şüarı Suriyada dinc insanların və Birmadakı etnik azlıqların iztirablarına biganəlik deməkdir”.

Lakin ABŞ qərarının ən kəskin tənqidi Rusiyanın BMT missiyasından gəlib. Təmsilçilik bildirib ki, “ABŞ bu qurumu özünün maraqlarını yürütmək üçün müti alətə çevirə bilmədiyinə görə tərk edir”.

Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən və Ukraynanın şərqində separatçı münaqişə yaratdıqdan sonra 2016-cı ildə BMT İnsan Haqları Şurasındakı kürsüsündən məhrum edilmişdi.

Lakin Moskva iyunun 20-də elan edib ki, bu quruma üzv olmaq üçün namizədliyini irəli sürəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG