Accessibility links

ABŞ-ın demokratiya və insan haqlarının müdafiəsində rolu– jurnalist Ələkbər Raufoğlu ilə söhbət


ABŞ-ın demokratiya və insan haqlarının müdafiəsində rolu– jurnalist Ələkbər Raufoğlu ilə söhbət
please wait

No media source currently available

0:00 0:13:39 0:00

ABŞ Dövlət katibi Entoni Blinken bu həftə Birləşmiş Ştatların xarici siyasət prioritetlərini açıqlayaraq, Bayden administrasiyasının dünya boyu demokratiyanı dəstəkləyəcəyini, laki bunu “baha başa gələn hərbi müdaxilə yolu ilə etməyəcəyini” bəyan edib. Blinken ABŞ administrasiyasının insan hüquqlarını xarici siyasət prioritetlərinin mərkəzində saxlayacağını bildirib. Bir sira müşahidəçilər Bayden administrasiyasının demokratiya və insan haqlarının müdafiəsinə diqqəti artırdığını qeyd edir. Vaşinqtonda fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu ABŞ-ın demokratiya və insan haqlarının müdafiəsində rolundan danışaraq, Bayden administrasiyasının beynəlxalq birliklərlə əməkdaşlığı prioret kimi göstərdiyinə diqqət çəkir.

“Demokratiyalara bağlı ABŞ-ın yanaşma tərzi budur ki, biz beynəlxalq birliklər, xüsusilə də demokratik ölkələrin vəhdətini yaratmaqla, əvvəlcə evin içində, sonra evin çölündə demokratiyanın qələbə çalmasını təmin etməliyik.”

Lakin tənqidçilər ABŞ administrasiyasının insan hüquqlarını prioritetləşdirməyə söz verdiyi halda, insan haqlarının pozulduğu ölkələrlə bağlı ciddi cəza tədbirləri görmədiyini bildirir. Keçən həftə AŞB-ın kəşfiyyat orqanları Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın ABŞ-da Washington Post qəzetinin köşə yazarı, jurnalist Camal Xaşuqçinin 2018-ci ildə İstanbulda qətlə yetirilməsinə görə məsuliyyət daşıdığına dair nəticə çıxarılan hesabatını açıqlayıb. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının 76 rəsmisinə qarşı Xaşuqçinin qətli ilə əlaqədar sanksiyalar tətbiq edib. Hüquq müdafiəçiləri hesabatın açıqlanmasını alqışlayıb, lakin Məhəmməd bin Salmanın məsuliyyətə cəlb olunmasını görmək istədiklərini bildirib. ABŞ eyni zamanda Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar olaraq Rusiyanın yüksək səviyyəli rəsmilərinə qarşı sanksiyalar tətbiq edib, lakin sanksiyalar Rusiya prezidenti Vladimir Putin və onun yaxın çevrəsindəki oliqarxlara aid edilməyib. Tənqidçilər bunun Birləşmiş Ştatların öz prioritetlərindən geri çəkildiyinə işarə kimi qəbul edilə biləcəyi ilə bağlı narahatlıqlarını bildirir. Ələkbər Raufoğlu Birləşmiş Ştatların insan hüquqlarının pozulduğu və media azadlıqlarının məhdudlaşdırdığı ölkələrlə bağlı praktiki addımlar atmağa çalışdığını qeyd edir.

“Bunlardan biri Dövlət Departamentinin cümə günü elan etdiyi Xaşuqçi qadağasıdır, viza qadağasıdır. Bu, çox vacib addımdır. Bunu hətta nəinki Səudiyyə Ərəbistanı, dünyanın bütün ölkələrində müxtəlif formalarda təzyiqlərə məruz qalan jurnalistlərin müdafiəsi üçün tətbiq olunacağını artıq vəd ediblər. Bu, yaxşı başlanğıcdır. Eyni zamanda, ABŞ Konqresində bu səpkidə bir qanun layihəsi hal-hazırda müzakirə olunur. Söhbət Xaşuqçi adına bağlı olan, konseptual formada Dövlət Departamentinin məsələn mətbuat sahəsində ilbəil təzyiqlərin fonunda ümumi sanksiyalar tətbiq etmək, yəni, söhbət təkcə fərdi sanksiyalardan getmir, həm də ümumi sanksiyalardan gedir, mexanizmini yaratmaqdan gedir. Yəni bu qanun layihəsi əgər tezliklə qəbul olunarsa, ABŞ jurnalistlərin təqiblərə məruz qaldığı ölkələrə qarşı və fərdlərə qarşı sanksiyalar tətbiq etməklə yanaşı, eyni zamanda bunun bir növ davranışın dəyişməsi üçün güclü bir mexanizmə çevirməsi fonunda da addımlar atacaq.”

Bu həftə OCCRP (Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi) jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar istintaqla bağlı yeni araşdırma açıqlayıb. Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında güllələnərək öldürülüb, lakin onun qətlindən 16 il keçsə də, qatillər hələ tapılmayıb. Yeni araşdırmada istintaqa kömək məqsədilə cəlb edilmiş Federal Təhqiqat Bürosunun hesabatına əsaslanan məlumatlar yer alıb. Ələkbər Raufoğlu ABŞ-ın təhqiqatının diqqət çəkdiyini qeyd edib, lakin bunun Elmar Hüseynovun qətlinin üstünün açılmasına kömək edə bilib-bilməyəcəyinin aydın olmadığını deyib.

“Azərbaycan ictimaiyyəti belə araşdırmaların, belə faktların Azərbaycan hakimiyyəti tərəfindən açıqlanmasını16 ildir ki, gözləyirdi. Təəssüf ki, hələ də bizə aydın deyil ki, bu cinayət işi harda bağlandı və necə bağlandı və nəyə əsaslanaraq, əlimizdəki faktlar ört-basdır edildi. Çox güclü faktlar var idi zamanında. Elmar Hüseynovun özünün ətrafına qarşı hakimiyyət xüsusi təziyqlər tətbiq etməyə başladı. Bəzilərini ələ aldılar, bəzilərini ölkədən çıxartdılar. Ailə üzvləri ölkədə deyil və tədricən bu işə cəmiyyətdə marağın azalması, hakimiyyət hər halda özü buna nail olmuşdu və bu prosesin fonunda cinayət işi bağlandı və detallar hələ də ictimaiyyətdən gizli saxlanılır.”

Jurnalist son illər Azərbaycanda media nümayəndələrinə qarşı təzyiqlərin artdığını, mətbuat azadlığının durumunun daha da pisləşdiyini bildirib.

“Azərbaycanda Elmar Hüseynovun ölümü ilə əsası qoyulan jurnalist qətlləri azalmayıb, getdikcə artıb. Son hadisənin fonunda ölkədə mətbuat azadlığı ilə bağlı vəziyyət dəyişməyib, yaxşılaşmayıb ki pisləşib. Hal-hazırda aclıq edən jurnalistlərimiz var. Bütün bunlar onu göstərir ki, hökumətdə jurnalistlərə qarşı olan təzyiqləri durdurmaq və o cümlədən jurnalist qətllərini araşdırmaq kimi bir niyyət yoxdur və təssüf ki, bu açıqlanan hesabat bu istiqamətdə bizim bildiklərimizə əlavə heç nə qatmadı. Amma buna baxmayaraq, yenə də ümid edirik ki, qarşıdakı dönəmdə hökumət özündə güc tapacaq və prosesə işıq saçmağa cəhd edəcək.”

Ələkbər Raufoğlunun bildirdiyinə görə, Birləşmiş Ştatların xarici siyasətində demokratiyanın prioritet kimi göstərilməsi “bunun Azərbaycanla münasibətlərdə insan haqları dialoqunun bərpası üçün əsas ola biləcəyinə” dair ümidləri artırır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG