ABŞ-ın Ermənistandakı, Gürcüstandakı və Azərbaycandakı səfirləri Linn Treysi, Kelli Deqnan və Li Litsenberger, Dövlət Katibinin müavini Erika Olson, Qafqazda Danışıqlar üzrə müşavir Andryu Şofer və USAID təşkilatının administratorunun köməkçisinin müavini Aleksandr Sokolovski ABŞ-ın Yerevandakı səfirliyinin ev sahibliyi etdiyi Regional Missiyalarının Rəhbərlərinin görüşündə iştirak edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, COVID-19 pandemiyası səbəbindən ötən il bu tədbir həyata keçirilməyib.
“Bu il, ənənəvi olan görüşü keçirməkdən və həm bölgədə çalışan, həm də Vaşınqtondan gələn həmkarlarımız arasında fikir müdadiləsini təşkil etməkdən məmnunuq."
Pandemiyadan öncə ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri müvafiq olaraq 2018-ci və 2019-cu illərdə bu görüşlərə ev sahibliyi edib.
“Biz Ermənistan, Azərbaycan və Gürcüstanla yaratdığımız diplomatik münasibətlərin 30-cu ildönümünə yaxın olan zamanda regionun daha təhlükəsiz, sabit və firavan gələcəyin qurulması naminə tərəfdaşlığımıza sadiq olduğumuzu yenidən vurğulayırıq,” məlumatda deyilir.