Çin ABŞ Konqresinin qəbul etdiyi və Prezident Donald Trampın da imzaladığı Honq Konq İnsan Haqları və Demokratiya Aktına cavab olaraq Amerikanın Dəniz Donanmasının gəmilərinin və hərbi təyyarələrinin Honq Konqa yaxınlaşmasının qarşısını alıb.
Etirazçılar bazar günü ABŞ Prezidenti Donald Trampa Çinə iğtişaş əleyhinə sursatların ixracına qadağa qoyacaq və Pekinə Honq Konqa rəftarından asılı olaraq mümkün sanksiyalar tətbiq edəcək iki qanunu imzaladığına görə təşəkkür etmək məqsədilə Honq Konqda ABŞ konsulluğuna doğru yürüş edib və ABŞ-ın milli himnini səsləndirib.
Lakin Çinin Xarici İşlər Nazirliyinin buna reaksiyası fərqli olub. Onlar demokratiyanı dəstəkləyən qanunu qınayıb.
“Çin höküməti ABŞ-ın məntiqzsiz davranışına cavab olaraq ABŞ-ın hərbi gəmiləri və təyyarələrinin Honq Konq-u ziyarət etmək üçün təqdim etdiyi ərizələrə baxışı bazar ertəsindən etibarən dayandırmağa qərar verib”– deyə, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq bildirib.
Çin bildirib ki, onlar bundan əlavə Human Rights Watch və Freedom House daxil olmaqla ABŞ-ın bəzi qeyri-hökümət təşkilatlarına qarşı da Honq Konq hadisələrindəki rollarına görə sanksiyalar tətbiq edəcək.
Çinin qəzəbli reaksiyasının ABŞ-ın Pekinlə ticarət danışıqlarına hansı təsirlərinin olacağına dair sualara cavab olaraq Tramp bazar ertəsi deyib:
“Bu, vəziyyəti yaxşılaşdırmır, amma nə olacağını görəcəyik”.
Bazar ertəsi Kentukkidə tələbələr önündə çıxış edən dövlət katibi Mayk Pompeo Çini Honq Konq xalqına vədlərini yerini yetirməyə çağırıb.
“Bu etirazlarda Amerika bayraqlarının dalğalandığını görürsünüz. Onlar sizin istədiklərinizi, gələn nəsil amerikalıların istədiyini istəyir. Onlar azadlıq istəyir, onlar ailələrini təmin etmək, inanclarını istədikləri şəkildə yaşamaq istəyirlər. Bu, Çin Kommunist Partiyasının onlara verdiyi vədləridir”, Mayk Pompeo bildirib.
Pompeo və ABŞ-ın digər yüksək vəzifəli rəsmiləri Çin hökümətini dəfələrlə Çin-Britaniya Birgə Bəyannaməsi altında Honq Konqa vəd edilən azadlıqları təmin etməyə çağırıb. Honq Konqda nümayişlər iyun ayında yerli hökümərin cinayətdə şübhəli bilinən bəzi insanları Çinə ekstradisiya etmək planlarına qarşı etiraz olaraq başlamışdı.