Accessibility links

ABŞ-ın iki əsgəri Əfqanıstanda həlak olub


Birləşmiş Ştatlar və Taliban arasında danışıqların Qətərdə yenidən başlaması ərəfəsində ABŞ hərbçiləri Amerikanın Əfqanıstanda iki əsgərinin çərşənbə günü "döyüş zamanı həlak" olduğunu bildirib.

ABŞ rəsmiləri əsgərlərin “döyüş şəraitində” həlak olduğunu təsdiqləsə də, Amerika əsgərlərinin hansı düşmənə qarşı mübarizə apardığı haqda bir söz deməyiblər. Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasının rəsmisi Amerikanın Səsinə təhqiqatın davam etdirildiyini bildirib.

Həlak olmuş iki hərbi qulluqçunun adı onların yaxınlarına bildiriş göndərildiyi müddətdə hələ açıqlanmayıb.

Tramp administrasiyası və Taliban Birləşmiş Ştatların apardığı ən uzun müharibənin sona çatdırılması yollarının tapılması məqsədilə danışıqlar aparır.

Biz əsgərlərin sayını təxminən 13,000 nəfər azaltmışıq və bu sayı bir az da azaldacağıq və sonra daha artıq müddətə qalıb-qalmamaq haqda qərar qəbul edəcəyik.
Donald Tramp

Tramp bazar günü Nyu-Cersidən Ağ Evə qayıdan zaman jurnalistlərlə görüşlə bağlı bəzi detalları bölüşüb. O, ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması planı üzərində hələ də işin davam etdirildiyini deyib.

"Biz Talibanla çox yaxşı müzakirələr aparırıq. Görək nə olur. Biz əsgərlərin sayını təxminən 13,000 nəfər azaltmışıq və bu sayı bir az da azaldacağıq və sonra daha artıq müddətə qalıb-qalmamaq haqda qərar qəbul edəcəyik” - deyə, o bildirib.

Tramp Əfqanıstanın terrorçular üçün "əlverişli mühit" olaraq qaldığını deyərək, ABŞ-ın İslam Dövləti qrupu və Əl-Qaidəyə qarşı əməliyyatların aparılması üçün, "çox əhəmiyyətli kəşfiyyat" qüvvəsi saxlamaq niyyətində olduğunu vurğulayıb.

XS
SM
MD
LG